Siyasi-ekspert: “BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı müzakirə olunacaq qətnamənin qəbul olunma şansı çox böyükdür” - AÇIQLAMA

Siyasi-ekspert: “BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı müzakirə olunacaq qətnamənin qəbul olunma şansı çox böyükdür” - AÇIQLAMA
"BMT Baş Assambleyasının sessiyasında müzakirə olunacaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə əvvəlki qətnamələrdən çox ciddi fərqlənir". Bu sözləri SİA-ya siyasi-ekspert Cümşüd Nuriyev açıqlamasında deyib. 2008-ci ilin mart ayında Baş Assambleyada Azərbaycanın işğal olunmuş əraziləri barədə qəbul olunan qətnaməni xatırladan C.Nuriyev həmin qətnamənin indiki illə müqayisədə kifayət qədər ciddi hazırlanmadığını dilə gətirib.

Yeni qətnamənin həddindən artıq ciddi hazırlandığını vurğulayan siyasi ekspert söyləyib ki, burada 1949-cu ildə qəbil olunan İnsan Hüquqları üzrə Cenevre Konvensiyasının və 1977-ci ildə ona əlavə olunan 1 saylı protokola uyğun məsələ qaldırılıb: "Burada işğal olunmuş ərazilərə vətəndaşların qayıtması və onların mülkiyyət hüququnun sahibliyi, səsvermə hüququndan məhrum olunması və bu tip beynəlxalq hüquqda önəmli olan məsələ və hüquqlardan söhbət açılır. Eyni zamanda, 4-cü bənddə qarşı tərəfin iddiaları ilə bağlı məsələlər gündəmə gətirilməklə yanaşı, Dağlıq Qarabağda qeyri-qanuni seçkilərin keçirilməsi, Azərbaycanın icazəsi olmadan başqa ölkələrin, insanların ora dəvət olunması sülh danışıqlarına əngəl törədən bir maneə kimi qeyd olunur. İlk dəfədir ki, bu qətnamədə cari ildə Kanadada keçirilən sammitdə ATƏT-in 3 həmsədr ABŞ, Rusiya, Fransa prezidentlərinin sözü olduğu kimi daxil olub. Onlar orada bildiriblər ki, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni ordusu qeyri- şərtsiz çıxarılmalıdır. Ötən qətnamədə ümumi ərazilərdən erməni özünü müdafiə dəstələrinin çıxarılması qeyd edilmişdi. Amma yeni qətnamədə birmənalı şəkildə Ermənistan işğalçı dövlət kimi gündəmə gətirilib".

Yeni qətnamədə Ermənistan tərəfini narahat edən məsələlərə də toxunan C.Nuriyev bildirib ki, düşmən ölkəni ən çox narahat edən qətnamədə yer alan 7-ci bənddir ki, həmin bənddə Azərbaycan BMT-nin Baş Assambleyası qarşısında işğal olunmuş 11 rayonunun ərazisində yerləşən tarixi, milli-mədəni abidələrin monitorinq aparılması məsələsini qaldırıb. O qeyd edib ki, ölkəmizin belə bir məsələ qaldırmasına əsas səbəb ermənilərin saxtakarlıqlarının qarşısını almaqdır. Qətnamənin qəbul olunma şansının yüksək olduğunu deyən siyasi-ekrpert vurğulayıb ki, burada beynəlxalq hüququn əsas prinsiplərinə və insan haqları haqqında konvensiyaya uyğun olaraq Azərbaycan xalqınıın haqqını tələb edir.

C.Nuriyev bildirib ki, əgər qətnamə qəbul olunduqdan sonra ermənilər növbəti dəfə də danışıqları pozmağa çalışsalar, o zaman Azərbaycanın öz ərazisində hər hansı bir əməliyyat aparmaq şansına malik hüquqi baza yaranacaq: "Dağlıq Qarbağ münaqişəsi ilə bağlı beynəlxalq qurumlar tərəfindən qəbul olunan qətnamələrdən sonra BMT Baş Assambleyasında yenidən belə bir qətnamənin qəbul olunması təbii ki, təkcə Azərbaycanın xarici siyasətinin uğuru deyil, eyni zamanda bu sənəd Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmək üçün başlaya biləcək əməliyyatlara əsas verən sənəd olacaq. BMT Təhlükəsizlik Şurası Baş Assambelyasına tabe olan bir təşkilatdı. Bir var qətnaməni 15 dövlət qəbul edir, biri də var ki, 192 dövlət buna səs verir. Bu dəfə Azərbaycanın şansı çox yüksəkdir ki, bu qətnaməyə səs verənlərin sayı 100 dən çox olsun. Əgər belə olarsa, bu o deməkdir ki, dünyanın artıq 100 ölkəsi Ermənistanı işğalçı kimi tanıyır".

Qətnamənin Ermənistan tərəfindən tanınıb-tanınması məsələsinə gəlincə C.Nuriyev bunun o qədər vacib olmadığını bildirib. Onun sözlərinə görə, BMT-nin Baş Assambleyası dünyada ən ali orqan olduğuna görə bu sənəd daha yüksək və statuslu sənəddir. Sənədin ermənilər tərəfindən böyük narahatçılıq doğurduğunu söyləyən siyasi-ekspert bildirib ki, narahatçılığı erməni rəsmilərinin bu məsələ ilə bağlı açıqlamalarında görmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə