Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri müzakirə olunub

Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri müzakirə olunub
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyi, Reproduktiv Sağlamlıq üzrə Milli Ofis, İSİM-in təşkil etdiyi "Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilmiş yeni alət və yanaşma nəticələrinin yayılması üzrə" konfrans keçirilib. İSİM-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfrans ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi çərçivəsində təşkil edilib. Toplantının keçirilməsində məqsəd Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsinin (RS/AP) xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün COPE aləti və Dəstəkverici Rəhbərlik yanaşmasının tətbiqinin nəticələrini, tibb müəssisələrinə və tibb işçilərinə təsirini nümayiş etdirmək, eləcə də əldə olunmuş nailiyyətləri qiymətləndirməkdir.

Tədbiri giriş sözü ilə İSİM-in direktoru Ceyhun Məmmədov açıb. Layihənin əhəmiyyətindən, görülən işlərdən və bu işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edən İSİM rəhbəri açılış üçün sözü USAİD/Bakı ofisinin Səhiyyə Direktoru Karen Velçə verib. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev Milli Reproduktiv Sağlamlıq Ofisinin yaranma tarixi, bu sahədəki fəaliyyətlər barədə danışıb. İnsan sağlamlığının qorunması və standartlaşdırma kimi iki mühüm inkişaf arasında balansın yaradılmasının beynəlxalq təşkilatların əsas vəzifəsi olduğunu qeyd edən Fərid Babayev strateji əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu da nəzərə çatdırıb.

Daha sonra Azərbaycan RS/AP Layihəsinin rəhbəri Mavcudə Babamuradova toplantının məqsəd və vəzifələri barədə məruzə edib. RS/AP Layihəsinin ana və uşağın sağlamlığının təminatına yönəldiyini vurğulayan layihə rəhbəri toplantının gedişində təhlil və müzakirə yolu ilə görülmüş işlərin nəticələrinin müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb.

Layihənin təlim üzrə koordinatoru Təranə Əhmədova Azərbaycan RS/AP Layihəsi tərəfindən tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq olunan COPE və Dəstəkverici Rəhbərlik fəaliyyətlərinin nəticələri barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. İlk növbədə layihə haqqında qısa məlumat verən məruzəçi daha sonra tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün Layihə çərçivəsində görülən işlərdən danışıb. Dəstəkverici Rəhbərlik yanaşmasının, COPE və İcma-COPEun tibb müəssisələrində tətbiqi slaydlarla əyani olaraq toplantı iştirakçılarına təqdim olundu. Bu təcrübənin keçirildiyi tibb müəssisələrində problemlərin bir qisminin aradan qaldırıldığı da bildirilib.

Sonda İSİM-in direktoru Ceyhun Məmmədov RS/AP Layihəsinin yekunlaşmasına baxmayaraq, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin, tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün tibb müəssisələrinə yeni alət və yanaşmaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu istiqamətdə keçirilən təlimlərin tibb işçilərinin peşəkarlığının artırılmasını qeyd edən İSİM-in direktoru toplantının gedişində səslənən təklif və məsləhətlərin nəzərə alınacağını, bundan sonra da belə layihələrin həyata keçirilməsində və onların davamlılığında İSİM-in dəstəkverici rol oynayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə