Baş redaktor: "Bəzi qəzetlərin yanlış fəaliyyətinin aradan qaldırılmasının əsas yollarından biri ictimai qınaqdır" - LAYİHƏ

Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- Milli mətbuatımız hər zaman obyektiv, tərəfsiz, qərəzsiz mövqe tutmalı, ictimai maraqlara xidmət etməlidir. Təəssüf ki, bir sıra qəzetlərin həddən artıq siyasiləşməsi, milli maraqlardan uzaq düşməsi son zamanlar özünü daha qabarıq şəkildə göstərir. Belə qəzetlər cəmiyyətdə radikallığı təbliğ edərək məqsədli şəkildə ictimaiyyəti çaşdırmağa çalışırlar. Bunların təmsil etdikləri siyasi dairələrin, siyasi qrupların maraqlarını ifadə edən insanlardır. Əslində, onların azad mətbuatı təmsil etmədiklərini bilavasitə həmin mətbuat orqanlarında dərc olunan yazılarda görmək mümkündür. Bir sözlə, bu qəzetlərin fəaliyyəti yalnız şantaj, böhtan və qarayaxma üzərində qurulub.

Digər tərəfdən, azad söz haqqında danışan insanlar və demokratiyadan dəm vuran mətbuat orqanları bir məqamı nəzərə almırlar ki, azad sözün və azad mətbuatın əsas göstəricilərindən biri də alternativ fikrə və sözə sayğı ilə yanaşılmasıdır. Həmin mətbuat orqanlarının səhifəsini izləsəniz, konkret siyasi qrupun maraqlarının təmsilçisi olan, yəni onları himayə edən şəxslərdən başqa hər hansı bir şəxsin fikrinə rast gəlməzsiniz. Alternativ düşüncə, fərqli fikir bu insanlar tərəfindən tamamilə sərt formada qarşılanır. Əslində, bu insanların azad, müstəqil mətbuatı təmsil etmədikləri göz qabağındadır. Bir sözlə, bunlar konkret olaraq, siyasi qrupların maraqlarını ifadə edən şəxslərdir.

Azərbaycanda müxalif düşüncəni, alternativ fikri düzgün ifadə edən, eyni zamanda, milli dövlətçiliyimizə sadiq, tamamilə müstəqil pozitiv mövqedən çıxış edən mətbuat orqanları da var. Ancaq bununla yanaşı, ayrı-ayrı xarici dairələrin və ya radikal əhval-ruhiyyəli siyasi qüvvələrin maraqlarını ifadə edən mətbuat orqanlarıdır. Bu baxımdan, hesab edirəm ki, fərqi hər zaman diqqətdə saxlamaq lazımdır. Eyni zamanda, bu problemlərin aradan qaldırılmasının əsas yollarından biri ictimai qınaqdır. Əslində, burada həmin mətbuat orqanlarının nə ilə məşğul olduğları mütəmadi olaraq ictimaiyyətə bildirilməlidir. Burada hüquqi cəhətdən də müəyyən addımların atılmasına ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə