Əflatun Amaşov: “Azərbaycan jurnalistlərinin xaricdə təcrübə məsələsinə Türkiyədən başlamaq istəyirik” - MÜSAHİBƏ (Layihə)

Mətbuat Şurasının sədri Əflatun Amaşovun SİA-ya eksklüziv müsahibəsi:

- Əflatun müəllim, jurnalistlər seçkilərdə hansı rol oynamalıdırlar?

- Bu yaxınlarda mətbuatın seçkilərdə rolunun nədən ibarət olması barədə tədbir keçirdik. Qanunvericilikdə və KİV haqqında qanunda mətbuatın seçkilərdə rolu birmənalı şəkildə göstərilir. KİV və onların əməkdaşları informasiya toplamaq, hazırlamaq və yaymaq hüququna malikdir. Bu missiyanı mətbuatın seçkilərdə də tətbiq etməyə hüququ var. Sırf Azərbaycanda seçkilərin işıqlandırlması isə bundan başqa, digər normativ aktlarla da tənzimlənir. Xarici KİV-lərin əməkdaşları isə əvvəlcə Xarici İşlər Nazirliyinə akreditə olunmalıdırlar və daha sonra isə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçərək seçkiləri müşahidə edə bilərlər.

- Bəs mediada namizədlərin reklamı hansı prinsiplərə əsaslanmalıdır?

- Mediada nazmizədlərin reklamı pulsuz və pullu ola bilər. Namizədlərin efirdə və digər KİV-də təbliği İctimai Televiziya və rəsmi şəkildə fəaliyyət göstərən media qurumlarında qanunvericilikdə nəzərdə tutulmuş qaydalarda həyata keçirilə bilər. Özəl KİV-lərlə isə onlar rəhbərliklə danışıqlar aparmalıdırlar. Bu, pulsuz, pullu, müqavilə əsasında və s. metodlarla ola bilər. Bütün ölkələrdə seçkilərin işıqlandırılmasında əsas rolu mətbuat oynayır. Jurnalist isə hadisələri ədalətli, qərəzsiz və tərəfsiz işıqlandırmalıdır.

- Məlumdur ki, jurnalistlərə evlərin verilməsində hələ ki, hansı prinsiplərin əsas götürülməsi müəyyənləşməyib. Sizin subyektiv fikriniz necədir, bu işdə hansı prinsiplər əsas götürülməlidir?

- Biz Mətbuat Şurası olaraq bir neçə ildir ki, bu məsələ üzərində çalışırdıq. Müvafiq qurumlara müraciət etmişdik. Müraciətimiz müsbət qarşılandı. Mən Azərbaycan jurnalistləri adından Azərbaycan prezidenti İlham Əliyevə minnətdalığımı bildirirəm. Düşünürəm ki, bu bir bina ilə məhdudlaşmayacaq. İşimizi kifayət qədər şəffaf qurmalıyıq. Evlər ilk növbədə jurnalistikada daha çox fəaliyyət göstərən, jurnalistikaya daha çox fayda verən jurnalistlərə verilməlidir. Bu prinsiplər hamı tərəfindən qəbul olunmalıdır. Biz işimizi nə qədər şəffaf qursaq, bu işlər o qədər ədalətli olar.

- Azərbaycan jurnalistlərinin xaricdə təcrübə keçmələri nəzərdə tutulurmu?

- Azərbaycan Mətbuat Şurası həm ATƏT, həm də Avropa Şurası ilə birgə tədbirlər keçirir. Əsas məqsəd isə Azərbaycan jurnalistlərinin peşəkarlıqlarının artırılmasında xarici jurnalistlərin təcrübələrindən yararlanmaqdır. Biz Avropa ölkələrində təcrübəsi olan jurnalistləri, ekspertləri Azərbayana dəvət edirik. Artıq Azərbaycan jurnalistikası kifayət qədər inkişaf edib. Bu tədbirləri biz bir neçə il öncə daha intensiv təşkil edirdik. Hazırda Azərbaycan jurnalistlərinin təcrübələri artdığına görə, bu tədbirləri məqsədyönlü şəkildə gənc jurnalistlərin təcrübə baxımından yararlanmaları üçün təşkil edirik. Biz ölkə başçısı İlham Əliyevlə görüşdə jurnalistlərin təhsili məsələsini gündəmə gətirdik. Azərbaycan jurnalistlərinin xarici ali məktəblərdə təhsillərini davam etdirməklə bağlı ilkin razılıq əldə olunub. Artıq gələn ildən jurnalist olmaq istəyənlər və hazırda jurnalist olanlar dövlət proqramı çərçivəsində təhsil ala biləcəklər. Azərbaycan jurnalistlərinin xaricdə təcrübə məsələsinə isə biz Türkiyədən başlamaq istəyirik. Yaxın vaxtlarda Türkiyənin aparıcı ekspertlərini, qurum rəhbərlərini Azərbaycana dəvət edəcəyik. Qəzetlərin reklam bazarı, dizaynı ilə bağlı və s. işlər aparılacaq. Azərbaycan jurnalistlərinin Türkiyəyə getməsi də nəzərdə tutulur. Orada bizim jurnalistlərin mətbuat orqanlarında təcrübə keçmələri nəzərdə tutulub. Daha sonra isə başqa ölkələrlə də belə əməkdaşlıq edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə