Ermənistanın BMT-dəki nümayəndəsi: ““Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi BMT-də qəbul oluna bilər” - MÖVQE
"Hazırda BMT-də Azərbaycanın irəli sürdüyü bu qətnamənin qəbul olunmayacağı ilə bağlı fikir irəli sürmək çox çətindir. Çünki, bizim keçirdiyimiz görüşlərdən sonra gəldiyimiz qənaətə görə, eyni tendensiya qorunur". SİA-nın xəbərinə görə, bunu Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Karen Nazranyan "Jamanak" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanın tərəfdarları daha çoxdur, xüsusən də İslam konfransı təşkilatına üzv olan ölkələr: "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə layihəsi qəbul oluna bilər. Ümidvaram ki, qətnamə qəbul olunmayacaq. Əsas nəticə 9 Sentyabrda bilinəcək".
Ermənistanın BMT-kı səfiri bildirib ki, ötən ilin Oktyabr ayında həmsədr ölkələrin iştirakı ilə Azərbaycan nümayəndə heyəti ilə görüş keçirildi və qətnamə layihəsinin sessiyanın gündəliyinə salınmaması barəsində danışıqlar aparıldı. Lakin bütün cəhdlərimiz boşa çıxdı: "Biz görüş zamanı qeyd etdik ki, bu qətnamə bütün prosesi təhlükə altına qoya bilər. Lakin, Azərbaycan nümayəndə heyəti bizim təkliflərimizlə razılaşmadı".
Qeyd edək ki, Sentyabrın 7-də BMT Baş Assambleyasının 65-ci sessiyasının plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə layihəsi müzakirə olunacaq. Qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.
Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır. Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb.
Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB