Ankarada Azərbaycan Gecəsi çərçivəsində açılan guşəmiz daha iki gün fəaliyyət göstərəcək

Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi "Sərhədləri aşan qardaşlıq" devizi altında təşkil edilən II Beynəlxalq Ramazan festivalının keçirildiyi məkanda açılan Azərbaycan guşəsi daha iki gün-sentyabrın 2-dək fəaliyyət göstərəcək. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Öncə güşənin 26-31 avqustda açıq olacağı planlaşdırılsa da, həm bələdiyyə rəhbərliyinin, həm də tədbir iştirakçılarının böyük marağını, eləcə də guşədə Azərbaycan haqqında ətraflı bilgi toplamağa gələnlərin sayının çoxluğunu nəzərə alan Türkiyə-Azərbaycan Dərnəyi (TAD) qərara alıb ki, guşə festivala qatılanlara, şəhər sakinlərinə daha iki gün açıq olsun. TAD-ın ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanıb. Qonaqlar Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə nailiyyətlərindən bəhs edən filmə də tamaşa ediblər. Ankarada yeni yaradılan Türkiyə-Azərbaycan Dərnəyinin ilk böyük tədbiri olan Azərbaycan gecəsi və Azərbaycan guşəsinin açılmasını Türkiyənin digər şəhərlərində yaşayan soydaşlarımız təqdir ediblər və TAD sədri Sinan Oğandan xahiş ediblər ki, bu cür tədbirlər başqa bölgələrdə də keçirilsin.

Qeyd edək ki, Azərbaycan güşəsinin açılışında çııxış edən Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak rəhbərlik etdiyi yerli özünüidarə qurumunun Azərbaycandakı analoli strukturlarla əlaqəsi olduğunu bildirib və "Azərbaycanda qardaş bələdiyyələrimiz var" deyib. O xüsusilə qeyd edib ki, Keçiörən bələdiyyəsinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə tikilib və bu abidə üzərində Azərbaycan bayrağı dalğalanır. Ankarada belə bir abidənin olmasının əhəmiyyətini vurğulayan Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan əlavə edib ki, Turkiyədəki Azərbaycan türkləri Keçiörən bələdiyyəsinin ərazisində ölkəmizlə bağlı yeni parkların açılmasını da gözləyirlər. Sinan Oğan bələdiyyə başçısına Azərbaycan gecəsinin keçirilməsi və Azərbaycan guşənin açılmasına yer ayırdığı üçün təşəkkür edib. Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov da öz çıxışlarında bildiribər ki, türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına uyğun olaraq qardaşlıq tellərini gündən-günə gücləndirən xalqlarımız ortaq mədəniyyətə malikdir. E.Məmmədov DİDK-nin Türkiyə ilə, o cümlədən Keçiörən bələdiyyəsi ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə