Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı görüş keçirilib FOTOLAR
UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və "Uşaqların Qorunması" İctimai Birliyinin birgə təşəbbüsü ilə "Uşaqların internetdə təhlükəsizliyi" adlı layihəyə start verilib. SİA-nın xəbərinə görə, layihə ilə bağlı keçirilən görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, "Uşaqların Qorunması" İctimai Birliyinin icraçı direktoru Zəkiyyə Musayeva , almaniyalı ekspert, psixoloq – psixoterapevt Qalina Heinzelman və valideynlər iştirak ediblər.
Tədbirdə ilk çıxış edən Zəkiyyə Musayeva layihə haqqında məlumat verərək bildirib ki, "Uşaqların internetdə təhlükəsizliyi" adlı layihənin əsas məqsədi uşaqları virtual aləmini mənfi təsirlərindən qorumaq, onları düzgün tərbiyə etmək, uşaq hüquqlarının pozulmasının qarşısını almaq , zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dair təşəbbüs göstərmək, uşaq hüquqlarını təbliğ etmək və bu sahə üzrə maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Hazırda uşaqların informasiya və kommunikasiya texnologiyaları dünyasında yaşadığını xatırladan Z. Musayeva söyləyib ki, kompüter, mobil vasitələr, smartfonlar, video oyunları, sosial şəbəkələr və digər internet saytları ilə erkən yaşlarda tanış olan uşaqlar çox zaman sosial şəbəkələrin və əyləncə saytlarının mümkün təhlükələrini tam dərk etmirlər: "İnternetin əksər məkanlarda müxtəlif vasitələrlə əlçatan olması uşaqların virtual məkandakı fəaliyyətinin valideynlər tərəfindən nəzarət və idarə olunmasını çətinləşdirir. Bir çox hallarda valideynlər və himayəçi şəxslər internetin uşaqlar üçün təhlükəli tərəfləri barədə lazımı dərəcədə məlumatlı olmurlar. Məhz bu baxımdan bu cür treninq və görüşlərin keçirilməsi həm uşaqların, həm də valideyinlərin maariflənməsi sahəsində mühüm əhəmiyyət kəsb edir".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva vurğulayıb ki, virtual məkanda qurulan ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır: "Bəzən virtual məkanda veb-saytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə dəyərlərindən uzaqlaşmasına səbəb olur. Valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidir. Çünki bu,uşaqların yaşadığı mühiti daha yaxşı dərk etməsi üçün vacib amildir".
Deputatın sözlərinə görə, uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır: "Hər bir istifadəçi və vətəndaş virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməsinin vacibliyini bilməlidir. Buna nə qədər çox əməl olunsa, internetdən istifadə hər birimiz üçün təhlükəsiz olar".
Görüşün davamında layihə haqqında fikirlərini bildirən almaniyalı ekspert, psixoloq – psixoterapevt Qalina Heinzelman söyləyib ki, uşaqları müasir dünyada insanların ayrılmaz hissəsinə çevrilən internetin təhlükələrindən qorumaq üçün valideynlərin üzərinə daha çox məsuliyyət düşür. Onun sözlərinə görə, valideynlər uşaqları ilə dostluq etməli, ünsiyət zamanı yaranan problemləri düzgün qiymətləndirməyi bacarmalıdırlar.
Görüş diskussiya şəklində davam edib, almaniyalı ekspert valideynlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB