Azərbaycanın rayonlarına, xüsusən də İsmayıllı rayonuna dolu yağıb. SİA-nın verdiyi məlumata görə, güclü külək və leysan dan sonra 15 dəqiqə davam edən dolu rayonda 500 hektardan çox taxıl zəmisini, 50 hektar üzüm və tütün sahəsini məhv edib.
Təbii fəlakət nəticəsində rayonun Qoşakənd, Ağbulaq, Qalıncaq, Quşencə, Hacıhətəmli, Kürdmaşı kəndlərində 510 hektar taxıl sahəsi, 51 hektar üzüm bağı, 0.5 hektar tütün, 3 hektar sahədə meyvə-tərəvəz və bostan məhsulları tələf olub. Yerli sakinlər belə güclü dolu yağışının uzun illərdir ki, İsmayıllıda müşahidə olunmadığını bildiriblər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb. Qoşakənd sakinlərinin sözlərinə görə ölçüsü təxminən qoz boyda olan dolu meyvə-tərəvəz, taxıl və otlaq sahələrinə böyük ziyan vurub. Taxıl biçininə hazırlaşan kəndlilərin zəhməti hədər gedib, vətəndaşlara küllü miqdarda maddi ziyan dəyib. Taxıl və üzüm bitkilərində, meyvə ağaclarında məhsul qalmayıb, hamısını dolu yerə töküb. Məhsul tələf olduğu üçün bir çox yerlərdə taxıl biçini aparılmayacaq, sahələrə kambayn çıxarılmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB