“Naxçıvan muxtar respublikasının stratiqrafiyasi” adlı monoqrafiya çapa hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) "Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası" adlı monoqrafiya çapa hazırlanır. AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Müəllifləri institutun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur.
Minə yaxın səhifəsi olan topluda Naxçıvan ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bütün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahidlərin təsviri və faunistik səciyyələndirilməsi aparılıb, müxtəlif yaşlı litoloji-stratiqrafik komplekslərin dayaq kəsilişləri verilib. Bunlardan əlavə, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilən zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapır.
Naxçıvanın stratiqrafiyasını ilk dəfə olaraq Azərbaycan dilində işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyatı mütəxəssislər üçün lazımi məlumat bazasıdır, regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan ali məktəblərin geologiya ilə əlaqəli fakültələrinin bakalavr və magistrantları da dərslik kimi faydalana bilərlər.
Nəşrin sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan ərazisinin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaşdırılmasına imkan yaradır.
Monoqrafiyanın yaxın günlərdə GGİ-nin "Nafta-Press" nəşriyyatında çapı nəzərdə tutulur. Kitabın sifarişi üçün əlaqə telefonu: 012 539 44 76.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB