Daun sindromlu uşaqlara həsr olunan bayram tədbiri keçirilib SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon Təşkilatının Gənclər Birliyi və " Qayğı -Sağlam Nəsil Naminə" İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində keçirilən tədbirdə YAP Nizami rayon Təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon Təşkilatının Gənclər Birliyi və " Qayğı -Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, dövlət qurumlarının rəsmiləri və digərləri iştirak ediblər. Tədbirdə Birliyin təşkilatçılığı ilə ilk dəfə olaraq baş tutan, Daun sindromlu şəxslər və serebral iflicli uşaqlarla Azərbaycanın Peşəkar idmançılarının birgə iştirak etdiyi idman oyunlarından ibarət olan Olimpiadanın mükafatlandırma mərasimi baş tutub. 9 idman növü ( voleybol, basketbol, futbol, qaçış, şahmat, gimnastika, badminton, üzgüçülük və güləş) üzrə keçirilən oyunlarda yer tutan şəxslərə medallar təqdim olunub. Olimpiadanın ideya müəllifi və təşkilatçısı Sevinc Abdullayeva bildirib ki, bu olimpiadanı keçirməkdə məqsəd Daun Sindromlu və serebral iflic uşaqların nə qədər böyük gücə malik olduqlarını nümayiş etdirməkdir: "Əsas məqsədimiz odur ki, Daun Sindromlu və setebral iflicli uşaqların bacarıqlarını və ifadələrinin əngəl tanımadığını, onların heç kəsdən geridə qalmadığını, hətta lazım gələrsə, hamıya qalib gələ biləcəklərini insanlara nümayiş etdirək! Onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, özlərinə inamlarını əminliklərini artırmaq və bununla da sağlamlıq imkanları məhdud olan uşaqlarımızı cəmiyyətə faydalı fərdlər kimi yetişdirmək niyyətindəyik. Məqsədimiz sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Şüarımız isə dəyişməz olaraq qalır: "Sevgi və ümidlə həyata qalib gəlmək".
S.Abdullayeva həmçinin çıxışında birliyin gördüyü işlər haqqında da məlumat verib. Tədbirdə Olimpiada ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Uşaq Reabilitasiya Mərkəzinin hazırladığı maraqlı çıxışlarla davam edib. Bununla yanaşı müğənni Röya Ayxan mahnıları ilə uşaqları sevindirib. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB