Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması bütün dünyaya nümunədir. Rayondakı dini durum barədə ümumi məlumat verən Y.Məmmədov qeyd edib ki, Quba rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. Səyyad Salahlı, həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları haqqında danışaraq Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat verib.
Quba rayon prokuroru Valeh Səmədov çıxışında dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edərək, qanunvericilikdə dini sahə ilə bağlı mövcud olan məqamlar haqqında açıqlamalar verib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttərov dövlətin dinə və dindarlara qayğısından bəhs edərək, dindarları yüksək milli-mənəvi dəyərlərimizi və həmrəyliyi təbliğ etməyə çağırıb.
Seminar-müşavirənin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB