Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının növbəti VIII konfransı keçirilib. SİA-ya verilən məlumata görə, konfransda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev hesabat məruzəsi ilə çıxış edib.
O, qeyd edib ki, rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 9442 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 2720 nəfəri hesabat dövrü ərzində partiya sıralarına qəbul olunublar ki, onların sırasında 3284 nəfərini gənclər və 3042 nəfərini isə qadınlar təşkil edirlər.
Rayonda bütün seçki məntəqələrinin yerləşdiyi ərazilərdə YAP ilk partiya təşkilatları fəaliyyət göstərir. Rayon üzrə seçicilərin hər 6 nəfərindən biri partiyanın üzvüdür. Hesabat dövründə rayon təşkilatı ideya-siyasi işin təşkilində Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqlərini, İcra Katibliyinin tövsiyyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəalliyyət istiqaməti kimi qəbul edilərək daim rəhbər tutulduğunu vurğulayıb.
Sonra hesabat məruzəsi ilə YAP Saatlı rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Rahib Salahov çıxış edib.
Konfransda çıxış edən təşkilat nümayəndələri, rayon təşkilatının Şura üzvü Oqtay Məmmədov, Günəşli ilk partiya təşkilatının sədri C.Əhmədov razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülüb, insanlara diqqət və qayğı artırılıb, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılıb, rahat avtomobil yolları çəkilib, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunub, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunub. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsinin əyani təzahürü kimi qiymətləndiriblər.
Onlar çıxışlarında YAP Saatlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, ötən dövr Saatlı sakinləri üçün yaddaqalan bir hadisə ilə tarixə qovuşub. Belə ki, bu ilin mart ayının 28-də Azərbaycan Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin rayona 7-ci səfəri Saatlılar üçün çox əlamətdar, unudulmaz və şərəfli bir tarix olaraq yaddaşlarda qalacaq. Rayonumuza səfəri zamanı cənab Prezident bir sıra mühüm infrastruktur və sosial obyektlərin açılışında iştirak edib, pambıq əkini sahəsində əməkçilərlə görüşüb söhbət aparıb, pambıqçılıqla məşğul olan 22 rayonun nümayəndələrinin iştirakı ilə respublika müşavirəsi keçirib. Bu tədbirdə iştirak edən hər kəs ölkə rəhbərinin əmək adamlarına verdiyi yüksək qiymətin, doğma və həssas münasibətin bir daha şahidi olub.
Çıxış edənlər böyük fərəh və qürur hissi ilə IV İslam Həmrəyliyi oyunlarının möhtəşəm baş tutmasından danışıblar.
Azərbaycan böyük idman dövləti olduğunu göstərdi. Azərbaycan 54 İslamiada ölkəsinin birincisidir. Komanda hesabında 75 qızıl, 50 gümüş, 37 bürünc medalla birinci yeri qazanıb. Azərbaycan gənclərinin könüllü kimi bu tədbirin keçirilməsində, yaddaşlarda əbədi qalmasında öz töhfələrini verdiklərini bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd edib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir:"Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində Respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsi, ardıcıl və məqsədyönlü tədbirləri sayəsində daha da möhkəmlənib, çoxəsirlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çataraq qüdrətli bir dövlətə çevrilib".
Konfransda çıxış edən Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb:"Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verib. Bu gündə də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".
Konfrans YAP Saatlı rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirib.
Konfransda YAP İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev iştirak edirdi.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. YAP Saatlı rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət Nəzarət Təftiş qrupu seçildi. Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB