Vyetnamda Respublika Günü qeyd olunub FOTO

Vyetnamda Respublika Günü qeyd olunub FOTO

Hanoy şəhərində Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününün 99-cu, həmçinin Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

Azərbaycanın Vyetnamdakı Səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Assambleyanın, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın təhsil ocaqlarının vyetnamlı məzunları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Vyetnam tərəfindən tədbirdə fəxri qonaq qismində Xarici İşlər Nazirinin müavini Vu Hong Nam iştirak edib.

Tədbir Azərbaycan və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən səfir Anar İmanov 1918-ci ildə yaradılmış və şərqdə ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının dövlətçilik ənənələrindən söhbət açıb, ADR-in mövcud olduğu 23 ay ərzində daxili və xarici siyasətdə qazandığı böyük uğurlardan danışıb. Səfir, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini qeyd edib və suveren Azərbaycan Respublikasının ADR-in hüquqi varisi olduğunu vurğulayıb. A.İmanov Azərbaycanın dövlət müstəqilliyin qorunması, sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi naminə müasir Azərbaycanın memarı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edib, dövlətimizin müxtəlif sahələrdə qazandığı çoxsaylı nailiyyətlər barəsində tədbir iştirakçılarına məlumat verib. Səfir həmçinin çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə ətraflı məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacağına əminliyini ifadə edib.

Səfir A.İmanov Azərbaycan ilə Vyetnam arasındakı diplomatik münasibətlərini 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq əlaqələrinin təməlinin hələ Sovet İttifaqı dövründə qoyulduğunu bildirib. Məhz Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və Sovet İttifaqının Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə çoxlu sayda vyetnamlı gəncin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu, həmçinin azərbaycanlı mütəxəssislərin müharibədən sonra Vyetnamın inkişafında müstəsna rol oynadıqları diqqətə çatdırıb. Müasir dövrdə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən səfir 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişafının bariz təzahürü olduğunu vurğulayıb. Səfir son illər ölkələrimiz arasında iqtisadi-ticari, humanitar sahələrdə əlaqələrin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Vyetnam dövlətini təmsil edən Xarici İşlər Nazirinin müavini Vu Hong Nam çıxışında Vyetnam Hökuməti və xalqı adından Azərbaycanın ölkə rəhbərliyini və xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edərək, son illər ərzində müxtəlif sahələrdə Azərbaycanın əldə etdiyi çoxsaylı mühüm nailiyyətləri yüksək qiymətləndirdiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modernizasiya və inkişaf üzrə strateji siyasətin yeni uğur qazanacağına inandıqlarını bildirib.

Nazir müavini, Vyetnam xalqının birlik və müstəqillik uğrunda mübarizəsinə, həmçinin milli quruculuq və inkişafına Azərbaycan xalqının verdiyi dəstəyi hər zaman dərin təşəkkür hissi ilə xatırladığını və bu köməkliyə görə minnətdar olduğunu bildirib.

2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının qeyd edildiyini bildirən Vu Hong Nam son illər ərzində ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini qeyd edib, Vyetnam və Azərbaycanın çiyin-çiyinə öz dövlətlərini müdafiə etdiklərini söyləyib. Vu Hong Nam hər iki ölkə rəhbərliyinin möhkəm iradəsi və qətiyyəti ilə Vyetnam ilə Azərbaycan arasındakı çoxşaxəli əməkdaşlığın gücləndirilib inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Çıxışlardan sonra tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyin bərpasından sonrakı dövrdə əldə etdiyi uğurları, habelə hərtərəfli inkişafını əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbir zamanı milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə