Son illər Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ölkədəki daxili siyasi sabitliyin təmin olunması, əhalinin sosial rifahının və həyat şəraitinin yüksəlməsi dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarında, internet potallarında, televiziya verlişlərində mütəmadi yer alır. Bir-birinin ardınca silsilə şəkildə təqdim olunan materiallarda XXI yüzillikdə ölkəmizin yüksəlişi dünya xalqlarının böyük marağına səbəb olur. Gənc demokratik ölkə olan Azərbaycanda yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsi açıq və sağlam işgüzar mühit formalaşdırılması uğurla həyata keçirilən dövlət siyasətinə söykənir. Maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, şəffaflığın artırılması məqsədilə "ASAN Xidmət"in yaradılması və s. müasir Azərbaycanının uğurlarını özündə əks etdirir.
İtaliya, ABŞ, Hollandiya, Türkiyə, Rusiya, Fransa kimi ölkələrin dövrü mətbuatlarında dərc olunan "Neft, qaz və göydələnlər. Azərbaycan dünyanı cəlb edir", "Azərbaycan demokratiyanın tərkib hissələrini tam şəkildə cəmləşdirir", "Azərbaycan beynəlxalq birliyin dəstəyinə layiqdir" və onlarla belə məqalələrdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, iqtisadi inkşafı, regionun lider ölkəsinə çevrilməsi, Azərbaycan müsəlman ölkəsi kimi xalqlar arasında mədəniyyətlərarası dialoqu tam dəstəkləməsi və s. məqamlar işıqlandırılaraq, tarixi və müasir Azərbaycan haqqında kifayət qədər məlumatlar oxuculara çatdırılır.
BAKI HƏMRƏYLİK MESAJI İLƏ DİQQƏTLƏRİ ÖLKƏMİZƏ YÖNƏLTDİ
Bu günlərdə daha bir məqalənin oxuculara təqdimi Azərbaycan gerçəkliklərinin dünya miqyasında təqdimində daha bir nümunədir. Böyük Britaniyada nəşr edilən "Huffington Post" qəzeti ekstremizmlə mübarizədə idmanın rolundan bəhs edən məqalə dərc edərək, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını bu məsələdə nümunə kimi təqdim edib. Təbii ki, ilk növbədə, Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizə göstərilən etimad, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi uğurlar, dinamik inkişaf və s. amillər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu müəyyənləşdirib.
Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edərək, müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
"BU OYUNLARIN UĞURLU OLMASI BÜTÜN AZƏRBAYCANIN FƏDAKARLIĞINA VƏ QƏHRƏMANLIĞINA İŞARƏDİR"
Müəllif məqalədə onu da bildirir ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında təşkil olunmuşdu. Mehriban xanım Əliyeva oyunların ölkəmizdə uğurla keçirilməsinə tam şəkildə hazır olduğunu hələ oyunlar başlamazdan öncə qətiyətlə bildirirdi: "Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var və könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin və şanlı tarixində növbəti mühüm nailiyyəti əldə
edə biləcəyik". Oyunların bağlanış mərasimində uğurla keçən 10 günü Mehriban xanım Əliyeva böyük sevinclə diqqətə çatdırdı: "Bu oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi. Paytaxtımız islam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir".
Həqiqətən də, Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı uğurla başa çatdı. Bakı islam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək məqsədilə gözəl şəraiti təmin etmiş oldu. Bu, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanını Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində reallığa çevrildi.
Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verir və ənənələrinə sadiqdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB