Son zamanlar ailədaxili konfliktlərin sayında artım hiss olunur. Narazılıqlar bəzən ailələrin dağılmasına gətirib çıxarır. Bəs ailədaxili münaqişələrin qaynağı nədir? Problemin kökü nədədir? Bu və digər suallarımızı araşdırmaçı jurnalist Vilayət Muxtar cavablandırır.
- Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Sizcə, belədirmi?
- Bütün hallarda boşanma təqdir oluna bilməz. Məncə boşanma ailə institutunu laxladan ən ciddi amillərdən biridir. Müasir dövrdə sosial şəbəkələrin ailə institutuna təsirini görməzdən gələ bilmərik. Lakin sosial şəbəkələr ailə dəyərlərinin korlandığı zaman mənfi təsirini göstərə bilər. İnsan təfəkküründə xəyanət və ya digərinə (əks cinsə) qarşı meyl formalaşmayıbsa, heç bir sosial şəbəkə boşanmaya səbəb ola bilməz. Sosial şəbəkə iki xəyanətkar arasında münasibət vasitəsi hesab olunmalıdır. Məsələn, bıçaq kimisə zədələməyibsə, adi məişət əşyasıdır. Bir insanın vasitəsilə digərini zədələyirsə soyuq silaha çevrilir. Sosial şəbəkələr boşanma hallarına ciddi təsir edən amildir. Lakin hesab edirəm ki, indiki vəziyyətdə daha çox iqtisadi çətinlik və sosial problemlərin təsiri var.
- Sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı tədbirlər görülməlidir?
- Sağlam cəmiyyət qurmağın yolu sağlam ailədən keçir. Sağlam ailə modeli hesab etdiyimiz, milli dəyərlərimizə əsaslanan ailələrin möhkəmlənməsi istiqamətində proqramlar işlənib hazrılanmalıdır. Hesab edirəm ki, dövlət vətəndaşına sahib çıxmaqla ailə modelini qorumuş olacaq. Təbii ki, bu fikir, məsuliyyəti dövlətin üstünə atmaq deyil. Son illər bir sıra sosial layihələr həyata keçirilir ki, bu da alqışlanmalıdır.
- Sağlam ailə modelinin qorunub saxlanmasında təhsilin rolu nə qədərdir?
- Bir fərdin sağlam düşüncəyə sahiblənməsi və kamil insan formasında yetişməsi üçün üç əsas mərhələ keçməsi lazımdır. Ailə, məktəb və mühit. Sağlam ailə həm də sağlam gələcək deməkdir. Normal ailədə böyüyən fərd, normal məktəbdə təhsil aldıqdan sonra sağlam mühitdə yaşamalıdır ki, faydalı və xeyirli vətəndaşa çevrilə bilsin. Ailə həm özü məktəb olmalıdır, həm də məktəbin təsirindən qaça bilməz. Məktəbin ailədə rolu və təsiri, bir qanadın bir quşa olan təsirinə bərabərdir. Məktəb təhsil və tərbiyə baxımından insan həyatı üçün çox əhəmiyyətlidir. Ailə cəmiyyətdə bütün sahələri əhatə edən proseslərin nəticəsidir. Yəni cəmiyyətdə məktəb, mənəvi dəyərlər, adət-ənənələr və sair necə olarsa ailə də elə olacaq. Bir ailə nümunəsi cəmiyyətin hansı səviyyədə inkişaf etdiyini göstərə bilər.
- Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
- Sosial şəbəkələrdən istifadə etmək ailədaxili tənzimlənməlidir. Təbii ki, uşaqları sosial şəbəkələrdən asılı etmək onlara ciddi mənfi təsir göstərəcək. Uşaqların idarə olunmaları müəyyən vaxta qədər valideynlərə tapşırılıb. Bu baxımdan valideynlər bütün məsuliyyəti dərk edib, övladlarını normal böyütməlidirlər.
- Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?
- Erkən nikahların qarşısı alınmalıdır. İnsan fiziki və daxilən özünü ailə qurmağa hazır bilməlidir. Azərbaycanda oğlanlar 23-25, qızlar 19-21 yaşında ailə qursalar daha yaxşı olar. Ailə məsuliyyəti dərk olunmayınca birləşən cütlüklərin ayrılma ehtimalı daha çoxdur. Düşünürəm ki, boşanma hallarına təkcə erkən nikahlar səbəb deyil, səbəblərdən biridir. Lakin hər bir səbəbi aradan qaldırmağa çalışmalıyıq. Gənclərə ailə məsuliyyəti barədə məlumat vermək, onlara sağlam ailə modellərini göstərmək çox uyğun təbliğ olar. Ölkəmizdə o qədər sağlam və sevgi ilə yaşanan ailə modelləri var ki, onlardan heç biri təbliğ olunmur.
- Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?
- Avropaya inteqrasiya dünyagörüşünün inkişafı, təhsilin səviyyəsi, hüquq və azadlıqların qorunması fonunda baş tutmalıdır. Çılpaqlıq, özünü görünüş olaraq avropalıya oxşatmaq inkişaf və inteqrasiya ola bilməz. Niyə qarşımıza ancaq "Avropaya inteqrasiya etməliyik" hədəfini qoyuruq? Bizim Avropaya təqdim edə biləcəyimiz çoxlu adət-ənənələrimiz var. Hesab edirəm ki, inteqrasiya zahiri görünüşlə, yamsılamaqla deyil düşüncə və təfəkkür tərzinin dəyişməsiylə baş verməlidir. Bu mənada qulağımıza sırğa salıb, şalvarın dizlərini cırmaqla, əzib-büzülərək yeriməklə heç zaman avropalı ola bilmərik. Biz şərqliyik, şərqli olaraq da qalacağır. Amma Avropanın müsbət tərəflərini, insan hüquq və azadlıqlarının qorunması sahəsində olan irəliləyişləri mütləq mənimsəməliyik. Çünki onlar bu sahədə bizdən xeyli qabaqdır. Onların insan azadlığına qarşı düşüncəsi fərqlidir və xeyli inkişaf edib.
Aydın
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində dərc olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB