"Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfrans keçirilib

"Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfrans keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində "Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Komitə sədri Hicran Hüseynova, Gənclər və İdman Naziri Azad Rəhimov, İslam Həmrəyliyi Təşkilatından Faisal əl-Naser və digərləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ilk çıxış edən H.Hüseynova bildirib ki, ölkəmizdə İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi digər dövlətlər tərəfindən yüksək qiymətləndirilir: "Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Azərbaycanda idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Ölkəmizdə 40 -dan çox idman kompleksi var. Bu da idmana marağın artmasına səbəb olur".

Daha sonra çıxış edən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan qadınları ictimai siyasi həyatda hər zaman aktiv olublar: "1956-cı ildə ölkəmizdə 65 min qadın idmanla məşğul olurdusa, 1965 ci ildə bu rəqəm iki dəfə artmışdı. Bu gün də qadınlarımız Azərbaycanı idman sahəsində geniş təbliğ edərək yüksək nailiyyətlər əldə edirlər. IV İslam Həmrəylik Oyunlarında əldə olunan nailiyyətlər buna sübutdur".

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal A.Al Nasser isə çıxışında qeyd edib ki, Avropaya Azərbaycan qadınlarının uğurlarını göstərmək üçün IV İslam Oyunlarının təşkili vacib addım idi: "Oyunlar zamanı da qadınların göstərdiyi nəticələr qaneedici səviyyədədir. Bu nümunələri daha da artırmağı və uğurları dünyaya çatdırmaq işimizi gələcəkdə də davam etdirəcəyik. Oyunlar ərəfəsində çoxlu sayda könüllü iştirak edir. Bu da ölkədə idmana gənclər tərəfindən olan marağın bariz nümunəsidir".

Sonra konfransda GİN-in idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurovun, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynovanın, Bədən Tərbiyəsi və İdman Akademiyasından Şəmsiyyə Mustafayeva və digərləri çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə