Hicran Hüseynova: "Sonsuzluğun səbəblərindən biri qızlarımızın fiziki sağlamlığı ilə bağlıdır"

Hicran Hüseynova: "Sonsuzluğun səbəblərindən biri qızlarımızın fiziki sağlamlığı ilə bağlıdır"

"Artıq bir neçə gündür ki, ölkəmizdə İslam Həmrəylik Oyunları keçirilir və dövlətimiz tərəfindən Oyunların yüksək təşkilatçılığı digər dövlətlər tərəfindən yüksək qiymətləndirilir". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində "Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı" adlı konfransda çıxış edərkən deyib. Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini deyən komitə sədri söyləyib ki, xüsusi ilə də qadınlarımızın idmanla məşğul olması mühüm əhəmiyyət kəsb edir: "Bəzən deyilir ki, idman qadına görə deyil. Lakin bu anlayış düzgün deyil. Çünki tarixən Azərbaycan qadınları kişilərlə birgə ox atıb, at çapıblar. Qadınlarımız indi də güləş, ağır atletika və digər idman növləri ilə məşğul olurlar. Qadınlarımızın fiziki hazırlığı kişilərdən zəif olsa da, bu, sağlam gələcəyimiz üçün mühümdür. Sağlam qadın sağlam gələcək deməkdir. Bədən tərbiyəsi idmanla məşğul olmaq cinsiyyətindən asılı olmayaraq, hər kəsin hüququdur".

Azərbaycanda idmanla məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını deyən H.Hüseynova qeyd edib ki, hazırda ölkəmizdə 40-dan çox idman kompleksi var: "Bütün bunlar idmana marağın artmasına səbəb olur. Bu gün dövlətimizi gələcək nəsil maraqlandırır. Gələcək nəslimiz maraqlı olmalıdır. Komitəyə sonsuzluq səbəbindən dağılan ailələrlə bağlı çoxlu sayda müraciətlər olur. Müraciətləri araşdırdıqda məlum olur ki, sonsuzluğun bir çox hallarda səbəbi qızlarımızın fiziki sağlamlığının yerində olmamasıdır. Gənclər arasında xəstəliklərin səbəbindən biri də idmanla məşğul olmamaqdır. İdman çətinlikləri öyrətməklə yanaşı tolerantlığı aşılayır. Gənclərimizin bu sahəyə cəlb olunması mütləqdir. Qadınlarımız sosial şəbəkələrə, dini sektalara, pis vərdişlərə meyl etməməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə