Milli Qəhrəmanın xatirəsi anıldı

Milli Qəhrəmanın xatirəsi anıldı

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Azərbaycanın Milli Qəhrəmanlarının həyat yolunun öyrənilməsi və təbliği ilə bağlı, "Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

SİA-nın verdiyi məlumata görə, çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında seçilən və Azərbaycan ziyalıları tərəfindən hər zaman dəstəklənən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin ən vacib missiyalarından biri də Kəlbəcərin qəhrəman oğul və qızlarının qəhrəmanlıq yoluna işıq tutmaq, gənc nəslə onları daha yaxşı tanıtdırmaqdan ibarətdir. Bu mənada İctimai Birlik Kəlbəcər rayonun ilk şəhid Milli Qəhrəmanı Şahlar Şükürovun 65 iliyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından bəhs edib. O bildirib ki, Şahlar Şükürov 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açıb:"Şahlar Əvəz oğlu Şükürov hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atırdı. O, istedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Sonra Rostov Milis Akademiyasında təhsil aldı. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başladı. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zərdab rayon milis şöbəsinə rəis müavini təyin edildi.

O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu".

Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qardaşının qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. O bildirib ki, əsrlərdən bəri tariximiz qəhrəmanlıq səlnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar:"Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Dövlətimizin hər zaman xalqını və millətini, torpağını sevən, onun uğrunda canını, qanını fəda edən oğul və qızlarımızın həyat yolunu, onların amallarını öyrənməkdə, xatirələrini əbədiləşdirməkdə böyük işlər görüb. Ulu öndər Heydər Əliyev də hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışır".

Tədbirdə çıxış edən filologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmil, şair Zakir Fəxri və tədqiqatçı jurnalist Məhəmməd Nərimanoğlu Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun qəhrəmanlıq salnaməsindən, keçdiyi döyüş yolundan danışıblar.

Qeyd ediblər ki, gənclər vətənpərvər olmalı, vətənimizin azadlığı uğurunda şəhid olan vətən övladlarının xatirələrini daim uca tutmalıdırlar.

Tədbirin sonunda Kəlbəcər məktəblilərin hazırladığı "Qəhrəmanlar unudulmur" ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə