"Azərbaycan mətbuatı prezidentin qayğısı ilə əhatələnib" RƏYLƏR

"Azərbaycan mətbuatı prezidentin qayğısı ilə əhatələnib" RƏYLƏR

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Prezident İlham Əliyev son illərdə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradıb. Ölkə başçısı medianın maddi-texniki probelemləri ilə yanaşı jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımların təşəbbüskarıdır. Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. SİA bununla bağlı media kapitanlarının da fikirlərini öyrənib.

Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: " Azərbaycan prezidenti İlham Əliyev hər zaman mətbuata və bu sahədə çalışanlara diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, Azərbaycanda media nümayəndələri üçün dünyada analoqu olmayan yüksək səviyyəli binalar inşa edilir və jurnalistlərə təqdim olunur. Bilirsiniz ki, jurnalistlər üçün 2013-cü ildə 156 mənzildən ibarət 17 mərtəbəli ilk bina inşa olunmuşdu. Bu da o deməkdir ki, 156 jurnalistin mənzil şəraiti yaxşılaşdırılıb. Jurnalistlər üçün 3 girişdən və 255 mənzildən ibarət növbəti bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək. Təbii ki bu, bütün jurnalistlərin arzu və istəyini ifadə edən bir hadisədir. İlk dəfə bu məsələ ilə bağlı təşəbbüs 2010-cu ildə ortaya qoyulub. Belə ki, həmin dövrdə Mətbuat Şurasının yeni inzibati binasının açılışı zamanı Azərbaycan Prezidenti jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fikir səsləndirmişdi və bu fikirlə bağlı bir neçə saat ərzində sərəncam imzalandı, binanın inşası ilə bağlı qərar qəbul edilərək vəsait ayrıldı. Bütün bunlar Azərbaycan vətəndaşına, ölkə sakinlərinə eləcə də media sahəsində çalışan jurnalistlərə olan diqqətin bir nümunəsidir. Hansı ki, bu nümunə dünyanın heç bir ölkəsində yoxdur".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Azərbaycan respublikasının prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi-mənəvi, dövlətçilik irsinin davamçısıdır. Məhz Ulu Öndərin Azərbaycan mətbuatına göstərdiyi qayğının davamı olaraq Azərbaycan prezidenti də bu sahə ilə bağlı mühüm addımlar atır. Dövlət başçısı hakimiyyəti dövründə mətbuatımızda olan problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər görür. Azərbaycan mətbuatının bugünkü vəziyyətinə nəzər yetirsək, Prezident İlham Əliyevin həqiqətən də jurnalistlərlə dostluğa söykənən, sağlam təməl üzərində qurulmuş bir siyasətin layiqli davamçısı olduğunun şahidi olarıq. Bir sözlə, mətbuatın yüksək səviyyədə inkişafı üçün istənilən şərait yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən jurnalistlərin mənzillə təmin edilməsi hər bir mətbuat nümayəndəsinin sevincinə səbəb olub. Bu da ölkə mətbuatına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlər üçün ilk bina istifadəyə verilib. Bu binada Azərbaycanın qələm insanları, jurnalistlər evlə təmin olunublar. Artıq növbəti bina tikilib və yaxın vaxtda istifadəyə veriləcək. Bunu çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, azad sözə, mətbuata peşəkar jurnalist heyətinə verilən dəyərdir. Düşünürəm ki, bu, sosial qayğıya ehtiyacı olan, mənzil şəraiti olmayan həm ahıl, həm də bugünkü jurnalistikada külüng vuran jurnalistlərin qayğılarının azaldılmasına xidmət edən möhtəşəm addımdır. Buna görə Azərbaycan Prezidentinə təşəkkür edirik".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Azərbaycan prezidenti bütövlükdə ölkə mediasının maddi-texniki bazasının yüksəldilməsi istiqamətində ciddi addımlar atır. Bildiyiniz kimi 2008-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı kənar təsirlərdən asılı olmayaraq öz inkişafını davam etdirir. Azərbaycan dövləti mətbuat orqanları arasında hər hansı formada fərq qoymadan onlara təmənnasız yardımını göstərir. Bu da ölkədə müstəqil mətbuatın inkişafına verilən ən böyük töhfədir. Təbii ki, dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət tərəfindən hər hansı təmənna güdülmədən mənzillər verilmir, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılmır. Azərbaycan bu məsələdə birmənalı şəkildə nümunədir. Bildiyiniz kimi artıq jurnalistlər üçün ikinci binanın tikintisi başa çatdırılıb. Bu istiqamətdə müvafiq komissiya yaradılıb. Mətbuatda əməyi və eləcə də mənzilə ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunmasına geniş imkan yaradılıb. Əminəm ki, Azərbaycan Prezidentinin bu diqqəti mətbuatımızın bundan sonra da inkişafına, ölkəmizin milli-maraqları istiqamətində fəaliyyətinə geniş imkanlar yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə