ÜAK-ın bağlanması Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir

Şimal qonşumuz gec, ya da tez bunun fərqinə vararaq, siyasi səhvə yol verdiyini bir daha nəzərdən keçirməli olacaq
ÜAK-ın bağlanması Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir

Sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Əlbəttə, bu kimi məsələlərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səylərini vurğulamaq yerinə düşərdi. Həmin səylər nəticəsində Azərbaycan-Rusiya prezidentləri arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib və bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub- saxlanması, rus dilli təhsil müəssisələrinin, Rus İcmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı Rus İcması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda yaşayan Rus İcması heç zaman özünü yad hiss etməyib, əksinə, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək, tolerantlıqdan və multikultural dəyərlərdən yararlanıbdır.

Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir

Təəssüflə qeyd etməliyik ki, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə, bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini, ardıcıl olaraq davam etdirirlər. Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemində çalışan ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Belə ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Bunun üçün göstərilən "əsaslar" tam subyektiv olmuş (məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", yaxud "rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması"), hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir".

Çox yəqin ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını, məhz bu kimi əsassız iddialarla reallaşdırmağa çalışır. Hansı ki, Rusiyada çoxmilyonlu Azərbaycanlı İcması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Eyni zamanda, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergi ödəyiciləridir. Bu baxımdan, Rusiyanın Azərbaycanlı İcmasının iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhni kimi də qiymətləndirmək olar.

Nəticədə, sadalanan faktlar qarşısında sözügedən qərarın verilməsi Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik və onların ciddi narazılığına səbəb olacaq səhv addım kimi qiymətləndirə bilərik.

ÜAK Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir

O cümlədən, Azərbaycan İcmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən addımdır. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Ona görə də, məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır və onları zədələyir.

Rusiya üçün yaxşı vəd verməyən qərardan doğan suallar və cavablar...

Bu zaman belə bir suallar yaranır ki, ümumiyyətlə, ÜAK-ın bağlanması Rusiyaya hansı təsirləri göstərə bilər? Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Həmin sualların cavablarını isə mərhələli şəkildə qeyd edə bilərik:

1. İlk növbədə, belə bir qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salmış olacaq.

2. Məhz Azərbaycana qarşı belə bir qərəzli münasibətin göstərilməsində erməni lobbisinin rolu və fəaliyyəti artıq heç bir şübhə doğurmur.

3. Rusiya regionda və dünyada öz siyasi dəsti-xətti ilə seçilən bir dövlət olduğu üçün, "texniki məsələlərin" ÜAK-ın bağlanmasına səbəb olacağını düşünmək sadəlöhvlük olardı.

Bu qərar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə salır

Onu da xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin, prezident Vladimir Putin ona təbrik məktubu göndərib.

Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?

Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə düşür.

Artıq Azərbaycandakı Rus İcması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar. Lakin təəssüflər olsun ki, Rusiya, hətta Azərbaycanda yaşayan Rus İcmasının da müraciətini saya almayaraq, o cümlədən, Azərbaycanla əldə edilən qarşılıqlı inkişafa durğunluq gətirə biləcək yanlış addımını atmış oldu. Çox yəqin ki, Şimal qonşumuz gec, ya da tez, bunun fərqinə vararaq, hansı siyasi və kobud səhvə yol verdiyini bir daha nəzərdən keçirməli olacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə