Etik davranış qaydalarını pozan bələdiyyə üzvləri intizam məsuliyyətinə cəlb ediləcək

Etik davranış qaydalarını pozan bələdiyyə üzvləri intizam məsuliyyətinə cəlb ediləcək

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Layihə haqqında Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

Bildirilib ki, qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir. Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.

Qanun layihəsinin etik davranış qaydalarının pozulmasına görə məsuliyyət maddəsinə əsasən etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İntizam icraatına bu qanun layihəsinin müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət, yaxud digər məlumatın daxil olması, kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən qanun layihəsinin müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi hallarında başlanıla bilər. İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir.

Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyətli tədbirlərdən biri tətbiq edilə bilər. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

Müzakirələrdən sonra qanun layihəsi II-III oxunuşda səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə