Könüllülərin “Bakı-2017”dən qazandıqları REPORTAJ - SƏS TV

Könüllülərin “Bakı-2017”dən qazandıqları REPORTAJ -  SƏS TV

Bu gün IV İslam Həmrəylik Oyunları çərçivəsində yarışların 8-ci günüdür. Oyunların hazırlıq prosesində əməyi keçənlərdən biri də könüllülərdir. Oyunların yalnız açılış və bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edir. Ümumilikdə isə oyunlarda 8000 minə yaxın gənclərimiz həvəslə çalışır. Belə olan halda, "Bakı-2017" könüllülərə nəyi qazandırır? SİA bu haqda könüllülərin fikirlərini öyrənib.

Könüllü kimi geniş təcrübəyə malik olan 21 yaşlı Həsənağa Hüseynov gördüyü işin maraqlı tərəflərindən söz açıb: "Artıq bir neçə dəfədir ki, könüllü kimi fəaliyyət göstərirəm. Fəaliyyətim nəticəsində geniş təcrübə ilə yanaşı, çoxlu dostlar qazanmışam. Könüllü fəaliyyətimiz bizə boş vaxtımızı səmərəli keçirmək şansı verir. Ölkəmizdə keçirilən digər beynəlxalq yarışlar kimi, IV İslam Həmrəylik Oyunları da yüksək səviyyədə təşkil olunub. Könüllülərə verilən dəyər yüksək olduğundan biz də bu işi böyük həvəslə görürük. Könüllü olmağın müsbət tərəflərindən biri yarışlara qatılan idmançılar və jurnalistlərlə yaxından ünsiyyətdə olub onların ölkəmizlə bağlı xoş təəssüratlarını dinləməkdir. Bu, bizim fəaliyyətimizə pozitivlik qatmaqla yanaşı, işimizi daha yüksək səviyyədə görməyimizə səbəb olur".

Beynəlxalq yarışda ilk dəfədir ki, könüllü kimi fəaliyyət göstərən Aytən Bağırlı IV İslam Həmrəylik Oyunlarının bir parçası olmaq arzusunda olduğunu deyib: "İlk dəfədir ki, belə böyük yarışda könüllü kimi iştirak edirəm. Arzum IV İslam Həmrəylik Oyunlarının bir parçası olmaqdır. Vaxtımı daha səmərəli keçirmək, eləcə də geniş təcrübə toplamaq üçün bu yarışda könüllü olmaq qərarına gəldim. Oyunlarda 54 islam ölkəsindən olan idmançılar iştirak edir. Bu ölkələrin idmançıları haqqında əvvəldən heç bir məlumatım yox idi. Lakin yarışlarda könüllü kimi fəaliyyətim mənə bu imkanı da qazandırdı. Yarışlar haqqında təəssüratlarım müsbətdir".

54 islam ölkəsində olmağın mümkünsüz olduğunu deyən Turxan Əhmədli söyləyib ki, "Bakı-2017"nin sayəsində o, bu ölkələrin idmançılarını canlı şəkildə görmək şansı əldə edib: "54 ölkəni ayrı-ayrı gəzmək mənim üçün demək olar ki, mümkünsüzdür. Lakin həmin ölkələrin idmançılarının ölkəmizə gəlməsi həm onları canlı şəkildə görmək, həm də ünsiyyət qurmaq imkanı yaradıb. Mən bu yarışlar sayəsində təcrübəmi daha da artırıram. Könüllü fəaliyyətim eyni zamanda mənə yeni dostlar və iş texnikası da qazandırdı. Bizim fəaliyyətimiz üçün hər cür imkan yaradılıb".

İslam ölkələri ilə yaxından tanış olmaq üçün IV İslam Həmrəylik Oyunlarında könüllü fəaliyyət üçün müraciət etdiyini deyən Fatimə Mehdiyeva bildirib ki, yarışlarda media ilə iş sahəsində fəaliyyət göstərməsi ona həm islam ölkələrinin idmançıları, həm də xarici jurnalistlərlə daha yaxından ünsiyyət qurmaq üçün geniş imkanlar açır: "Bakı-2017" sayəsində islam ölkələri haqqında geniş məlumat aldım. Ümumilikdə yarışlar dünya standartlarına uyğun şəkildə təşkil olunub. Könüllülərə münasibət çox yaxşıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan Kərim Hacıyev bildirib ki, "Bakı -2017"də könüllü olmağının əsas səbəbi təcrübəsini artırmaq olub: "Azərbaycanda bir neçə beynəlxalq idman yarışları keçirilsə də, bu mənim ilk könüllü fəaliyyətimdir. Bura qatılmağımın əsas səbəbi təcrübəmi artırmaqdır. Ölkəmizə gələn idmançılarla belə yaxından ünsiyyətdə olmaq mənim üçün sevinclidir. Mən onlara insanlarımızın necə qonaqpərvər olduğunu çatdırıram. Bundan əlavə mən bu fəaliyyətim hesabına islam ölkələrini daha yaxından tanımaq şansı əldə etmiş oluram. Ümumiyyətlə, IV İslam Həmrəylik Oyunları yüksək səviyyədə təşkil olunub. İşimiz gərgin olsa da, hər kəs öz işindən çox razıdır".

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarında 21 idman növü üzrə 54 dövlətdən olan idmançılar iştirak edir. Oyunlar may ayının 22-dək davam edəcək.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ilk dəfə İslam Həmrəylik Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. İkinci İslam Həmrəylik Oyunlarının 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılsa da, sonradan tarix 2010-cu ilin aprel ayına salınıb. Lakin ölkələr arasında fikir ayrılığı səbəbindən oyunlar ləğv edilib. III İslam Həmrəylik oyunları isə 2013-cü ildə İndoneziyada baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə