Astarada Bilik Evinin açılışı olub FOTOLAR

Astarada Bilik Evinin açılışı olub FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara rayonunda "Gənclər evi"nin nəzdində Bilik Evinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, açılış mərasimində rayon İcra hakimiyyətinin başçısının müavini Yasəmən Rəsulova, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, fondun əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon ziyalıları iştirak ediblər.

Astara Bilik Evi ilə tanışlıqdan sonra Astara Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Dəyirmi masa" keçirilib. Tədbirdə Astara Bilik Evinin gələcək fəaliyyətinin istiqamətləri müzakirə olunub, təkliflər dinlənilib.

Rayon İcra hakimiyyətinin başçısının müavini Yasəmən Rəsulova rayon rəhbərliyi adından Bilik Fondu ilə Heydər Əliyev Mərkəzinin birgə fəaliyyətlərinə uğurlar arzulayıb, layihələrə bundan sonra da dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, regionda ilk Bilik evinin Astara rayonunda İslam Oyunlarının açılış mərasimi günündə istifadəyə verilməsi yaddaqalan olacaqdır. Bilik evinin fəaliyyəti üçün yaradılmış şərait və imkanlardan yararlanaraq Astara rayonunda geniş maarifləndirmə işləri həyata keçiriləcək. Rayonun ziyalıları və məktəblilərinin Bilik Fondunun bir sıra layihələrində həvəslə iştirak etdiyini vurğulayaraq bundan sonra da bu işin davamlı şəkildə aparılacağına, ictimaiyyətin Fonda dəstək olacağına əminliyini ifadə edib.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Astara Bilik Evinin belə gözəl binada fəaliyyətə başlayacağından məmnunluğunu dilə gətirərək, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə bu diqqət və qayğıya görə təşəkkürünü bildirib. Fondun təşkilatçılığı ilə müxtəlif bölgələrdə Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor əhalinin maariflənməsində bu evlərin böyük rol oynadığını, Astara Bilik evinin də fəaliyyətini məhz əhalinin təklifləri üzərində quracağını diqqətə çatdırıb.

Proqrama uyğun olaraq Astara Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Fondun icraçı direktoru Oqtay Səmədov və Mərkəzin direktoru Kübra Səmədovanın imzaladıqları Niyyət Protokolunda rayon əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu Azərbaycançılıq məfkürəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərliyi və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyətə keçirilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə