Bilik Fondu “Mayak” filmini nümayiş etdirdi

Bilik Fondu “Mayak” filmini nümayiş etdirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində "Narkomaniyaya "Yox!" deyək" şüarı altında tədbir keçirilib. Tədbirdə Kollecin və Fondun əməkdaşları, tələbələr iştirak ediblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan SİA-ya verilən məlumata görə, Pedaqoji Kollecin direktor müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı "Tibbi maarifləndirmə" proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi Kollecin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.

Sonra rejissor Fariz Əhmədovun narkomaniyanın fəsadlarını əks etdirən qısametrajli "Mayak" filmi nümayiş olunub.

Tədbirdə iştirak edən rejissor F.Əhmədov və D.Mahmudova tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə