"Bakı-2017" həndbolçularının Azərbaycan təəssüratları REPORTAJ - SƏS TV

"Bakı-2017" həndbolçularının Azərbaycan təəssüratları REPORTAJ - SƏS TV

IV İslam Həmrəylik Oyunları çərçivəsində idman yarışları davam edir. Bu gün bir sıra arenalarda Boks, Tennis, Bədii Gimnastika və digər yarışlara start verilib. SİA bu gün Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən həndbol yarışları ilə yaxından tanış olaraq, bu idman növü ilə məşğul olan idmançıların Azərbaycanla bağlı fikirlərini öyrənib.

Ən böyük arzularından birinin Azərbaycana gəlmək olduğunu deyən Həndbol üzrə Pakistan milli komandasının baş məşqçisi Məhəmməd Sohaib arzularına çatdıqları üçün sevincli olduğunu dilə gətirib: "İlk dəfədir ki, Azərbaycandayam. Bura gəlmək bizim arzumuz idi. Ölkənizin məşhur yerləri haqda internetdən məlumat almışdıq. Bu gün keçiriləcək rəsmi açılış mərasimini həyəcanla gözləyirik. Əminik ki, rəsmi açılış mərasimi möhtəşəm olacaq. İnsanlarınız mükəmməldir. Şəhərinizi gəzməyə çalışacağıq".

İordaniya milli komandasının kapitanı Əhməd Almousa İordaniyanın Azərbaycandan öyrənə biləcəyi məqamların olduğunu deyib: "Azərbaycanda mövcud olan təhlükəsizlik sistemi çox xoşuma gəldi. Həm ictimai yerlərdə, həm də qapalı məkanlarda qayda-qanunların keçərli olması sevindiricidir. Şəhəriniz gözəldir. Yarışların keçirildiyi məkanlara söz ola bilməz. Bizdə belə məkanlar yoxdur. Yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edirik".

İlk dəfədir Bakıda olduğunu söyləyən kamerunlu baş məşqçi Serge Claude Magala yalnız kitablardan öyrəndikləri əsasında Azərbaycan haqqında məlumata malik olduğunu dilə gətirib: "Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanın inkişafı ilə bağlı kitablardan məlumat almışam. Hazırda öz gözlərimlə buna şahid ola bilirəm. 5 gündür buradayam, amma hələ ki şəhərinizi gəzmək imkanım olmayıb. Hələ 11 gün burdayıq və ümid edirəm ki, bu müddət ərzində yarışlardan sonra gəzmək imkanım olacaq. Mən Afrikada keçirilən beynəlxalq idman yarışlarında da iştirak etmişəm. Lakin Azərbaycanın təşkilatçılığını daha çox bəyəndim. Burada bizə yarışlara hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Buranın iqlimini də çox sevdim".

Həndbol üzrə Azərbaycan Milli komandasının baş məşqçisi Hikmət Abdullayev bildirib ki, Azərbaycan I Avropa Oyunlarında olduğu kimi budəfəki yarışlarda da yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha göstərmiş oldu: "Bakı-2017"nin təşkilatçılığı çox yüksəkdir. Ümid edirik ki, ölkəmiz hələ bundan sonra da bu cür yarışlara ev sahibliyi edəcək".

Azərbaycana ilk dəfə ötən il İslam Həmrəylik Oyunları ilə bağlı toplantıya qatılmaq üçün gəldiyini deyən pakistanlı baş məşqçi Cavid İqbal qısa müddət ərzində Bakının daha da gözəlləşdiyini vurğulayıb: " "Bakı-2017"nin təşkilatçılığı yüksək səviyyədədir. İdmançılara yüksək diqqət göstərilir. Oyunlar mükəmməl şəkildə planlaşdırılıb. Biz Atletlər kəndində qalırıq və oradakı şəraitdən çox razıyıq. Bakı çox gözəl, təmiz, səliqəli və işıqlı şəhərdir. Komandamızla birlikdə şəhərinizi gəzəcəyik. Ən əsas məqam bu gün keçiriləcək rəsmi açılış mərasimidir. Biz bütün nümayəndə heyətimizlə birlikdə möhtəşəm mərasimə qatılacağıq. Əminik ki, rəsmi açılış mərasimi çox maraqlı olacaq".

Oyunların təşkilatçılığının yüksək səviyyədə təşkil olunduğunu dilə gətirən İordaniyadan olan nümayəndə heyətinin üzvü Şhadi Alsakran Azərbaycan xalqının və Bakının gözəlliyindən söz açıb: "Bakı çox xoşumuza gəldi. Azərbaycanda böyük inkişaf var. Burada oyun zalları hər şey yüksək səviyyədədir. Çox istərdik ki, bizim ölkəmizdə də belə olsun. Biz Azərbaycanın təcrübəsini öyrənməliyik ki, İordaniyada da belə inkişafa nail olaq. Hələlik şəhərinizi gəzməmişik. Amma sabah dənizə və gəzməli yerlərə getməyi planlaşdırmışıq. Vətəndaşlarınız böyük mədəniyyət sahibləridir. Bizimlə mehriban davranılır. Hər şeyə görə sizə çox minnətdarıq".

Məlumat üçün nəzərinizə çatdıraq ki, ilk dəfə İslam Həmrəylik Oyunları bu Səudiyyə Ərəbistanında keçirilib. İkinci İslam Həmrəylik Oyunlarının 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılsa da, sonradan tarix 2010-cu ilin aprel ayına salınıb. Lakin ölkələr arasında fikir ayrılığı səbəbindən oyunlar ləğv edilib. III İslam Həmrəylik oyunları 2013-cü ildə İndoneziyada baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə