IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi sabah keçirilməsinə baxmayaraq, bu gün yarışların 4-cü günüdür. Artıq yarışlarda iştirak edəcək idmançı və nümayəndə heyətləri Bakıdadırlar. Bu günə kimi Futbol, Handbol və Voleybol üzrə yarışlar başlayıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılar oyunlar üçün ayrılan Atletlər Kəndində yerləşdiriliblər. SİA IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançı və ölkəmizə gələn qonaqların yarışlarla bağlı təəssüratlarını öyrənib.
Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirib: "Bakı-2017"də hər şey peşəkarlıqla təşkil edilib. Atletlər kəndi yüksək səviyyədədir. İdmançı və nümayəndə heyətlərinə böyük diqqət göstərilir. IV İslam Həmrəyliyi Oyunları Olimpiya Oyunları tərzindədir. Burada hər şey əladır. Oyunların da bizə uğur gətirəcəyinə inanıram. Sabah səhər saatlarında iki oyunumuz olsa da, axşam saatlarında təşkil olunacaq açılış mərasimində iştirak edəcəyik.
İlk dəfə Bakıda olan Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov şəhərin gözəlliyindən söz açıb: "İlk dəfədir ki, Bakıdayam. Şəhəriniz çox gözəldir. Burada çox möhtəşəm memarlıq abidələri və gözəl dizayna malik binalar gördüm. "Bakı-2017"nin təşkilatçılığı yüksək səviyyədədir. Həm otel, həm də Atletlər kəndində çox gözəl zaman keçiririk. Azərbaycan mətbəxini isə xüsusilə qeyd etmək istəyirəm. Yeməkləriniz çox dadlıdır. Bakıya ötən gün gəldiyimizə görə, şəhərinizi geniş şəkildə gəzmək imkanımız olmayıb. Ümid edirik ki, gəzmək imkanımız olacaq".
İranlı hakimi Bəhruz Cəfəri Bakıya ilk dəfə gəldiyini söyləsə də, bildirdi ki, bundan öncə gələn həmkarları Bakının gözəlliyi haqqında ona ətraflı məlumat veriblər: "İlk dəfədir ki, Bakıya gəlirəm. İki gün ərzində hələ ki, gəzmək imkanım olmayıb. Ancaq məndən öncə Bakıya gələn həmkarlarım və yoldaşlarım şəhərin gözəlliyi haqqında mənə çoxlu məlumat veriblər. Bakıdan başqa Gəncə şəhərinin də gözəlliyindən çox danışılır. Fürsət tapan kimi həmin yerləri gəzməyi planlaşdırırıq. Sabah keçiriləcək rəsmi açılış mərasiminə də qatılacağıq. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışlar yüksək səviyyədə təşkil olunub. İnsanlarınız da çox mehribandır".
Bakının gözəlləşdiyini deyən Türkiyə milli komandasının kapitanı Meliha İsmailoğlu hər il müxtəlif yarışlarda iştirak etmək üçün Azərbaycana gəldiyini dilə gətirib: "Bakıya ilk səfərim deyil. I Avropa Oyunlarında da Azərbaycana gəlmişəm. "Bakı-2017"nin təşkilatçılığı da I Avropa Oyunlar kimi çox yüksək səviyyədə təşkil olunub. Buranı çox bəyənirik. Avropa Oyunlarından iki il keçməsinə baxmayaraq, Bakı hər il əvvəlkindən daha çox inkişaf edir. Hələlik Bakını gəzmək imkanımız olmayıb. Biz Atletlər kəndində qalırıq. Demək olar ki, Bakıya hər il gəlirik. Çünki burada bir sıra matçlarda iştirak edirik. Bakı ildən-ilə daha da irəliyə gedir".
Tacikistan Milli komandasının üzvü Makhfirat Norova: "Mən ilk dəfədir ki, ölkənizdə oluram. Şəhəriniz çox xoşuma gəldi. Bakı böyük və gözəl şəhərdir. Ölkəniz haqqında fikirlərim yüksəkdir. Yarışların yüksək şəkildə təşkilatçılığına görə hər kəsə təşəkkür edirəm. Hər şey inanılmaz dərəcədə yaxşıdır. Bugünkü yarışlarda komandamız məğlubiyyətə uğradı. Çünki adaptasiya məsələsində çətinliyimiz oldu. Amma inanırıq ki, sabahdan var gücümüzlə yarışlara hazırlaşacağıq. IV İslam Həmrəylik Oyunları bizim üçün uğur gətirəcək".
Dünyanın bir çox ölkələrində olduğunu deyən iranlı idmançı Həsən Mohammad bildirib ki, Azərbaycan bütün ölkələrdən öz gözəlliyi, mədəniyyətinə görə seçilir: "Azərbaycan idman ölkəsinə çevrilib. Ölkəniz çox xoşuma gəlir. İnsanlarınız mehriban və qonaqpərvərdirlər. İranlı olduğum üçün Bakı mənə daha çox doğmadır. Çünki bizim mədəniyyətlərimiz çox oxşardır. Mən artıq 3 gündür Bakıdayam, amma şəhərinizi gəzmək imkanım yoxdur. Sabah komandamızla birlikdə IV İslam Həmrəylik Oyunlarının möhtəşəm açılış mərasiminə qatılacağıq. Bu oyunlar komandamızın tarixində mühüm yer tutacaq".
Türkiyə Milli komandasının üzvü Arelya Karasoy IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasimini səbirsizliklə gözlədiyini dilə gətirib: "Bu gün Bizim üçün yorğun gündür. Çünki iki ölkənin komandası ilə yarışdıq. Lakin qarşıda iki gün heç bir yarışımız olmadığı üçün oyunların rəsmi açılış mərasimini səbirsizliklə gözləyirik. Mən I Avropa Oyunlarında Bakıda olmadığım üçün budəfəki mərasim mənim üçün çox maraqlıdır. Əminəm ki, möhtəşəm olacaq. Lakin bu o demək deyil ki, Bakıya ilk dəfədir gəlirəm. Bundan əvvəldə gənclər üçün keçirilən olimpiadalarda iştirak etmək üçün ölkənizə gəlmişəm. Sabah üçün çox həyəcanlıyıq".
Qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı gözlənilir. Dörd ildən bir keçirilən beynəlxalq idman tədbirində İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. Oyunlar may ayının 22-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB