“Ailənin bünövrəsi düzgün qurulmalıdır”

Əli Zülfüqaroğlu: “Sanki böyüklər də ailədaxili konfliktlərin həllini boşanmada görürlər”
“Ailənin bünövrəsi düzgün qurulmalıdır”

Qloballaşma şəraitində cəmiyyətdə mənəvi deqradasiya halları artıb. Daha çox narahatlıq doğuran boşanmaların artması, ailədaxili konfliktlərin çoxalmasıdır. Ekspertlər boşanmaların artmasında sosial şəbəkələrin rolunu xüsusilə vurğulayırlar. Ailəiçi münaqişələrin və boşanmaların artmasının səbəbi nədir? Suallarımızı müstəqil jurnalist Əli Zülfüqaroğlu cavablandırır.

- Boşanma dövrümüzün ən böyük problemidir. Son zamanlar qəribə tendensiya yaranıb. Sanki böyüklər də ailədaxili konfliktlərin həllini boşanmada görürlər. Əri ilə sözü çəp gələn, qayınanası ilə yola getməyən boşanır, bəyəndiyi paltarı ala bilməyəndə, qonşusunun maşınından sürə bilməyən boşanır. Boşanmaq daha əvvəlki kimi təəccüb, təəssüf doğuran addım deyil.

Boşanmanın artmasında sosial şəbəkələrlə yanaşı televiziya proqramlarının, serialların da rolu var. Efirə ərindən boşanandan sonra işində uğur qazanmış bir "qəhrəman" çıxarırlar və bütün ölkəyə nümunə göstərirlər. Bu, mənfi tendensiyadır.

- Azərbaycan xalqının başqa millətlərə nümunə olan sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?

- Ailədə hər kəs üzərinə düşən işin məsuliyyətini dərk etməlidir, yalnız bu halda bütövlük mümkündür. Əgər ailə başçısı səhərdən-axşamadək işləyirsə, ailəsi üçün tər tökürsə bu ailənin bütövlüyü üçün bir addımdır. Qazanılan pulların bir büdcədə yığılması, alınan hər əşya üçün bir-biri ilə məsləhətləşmək də ailənin bütövlüyünü, sağlamlığını qorumaq deməkdir. Ailədə böyüyən uşaqların tərbiyəsinə, təhsilinə maksimum diqqət ayırmaq da sağlam ailə modeli üçün çalışmaqdır.

- Sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?

- Məktəblərdə gələcəyin ailəsi olan gənclərin ailə məsuliyətini və möhkəmliyini, ailə dəyərlərini dərk etməsi üçün ən azı həftədə bir dəfə təlim kimi gənclərə keçirilsə onlar bu haqda maariflənsələr zənnimcə, bu birbaşa onlar üçün atılan müsbət bir addım olar. Ən azı məktəbdə ədəbiyyat müəllimləri hər dərsin sonunda 15 dəqiqə bu haqda danışsa zənnimcə gənclər ailə dəyərlərini və milli dəyərləri gözəl şəkildə dərk edər.

- Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?

- Uşaqların sosial şəbəkədən istifadəsinin birmənalı olaraq əleyhinəyəm. Sosiallaşmaq onların yaşı üçün küçədə dostları ilə futbol oynamaq, məktəb yoldaşları ilə ünsiyyət qurmaqdır, sosial şəbəkə onlar üçün deyil.

Hər bir valideyn uşağının hansı saatda, harada, nə ilə məşğul olduğunu bilməli və onu lazımi formada tərbiyə etməlidir. Valideyn özü uşağa nümunə göstərə bilər - məsələn, ona kitab oxumağı, televiziyada intellektual proqramları izləməyi təbliğ edə bilər.

Valideyn nəzarəti çox önəmidir. Çünki onların bilmədən daxil olduqları linklər birbaşa onların fikirlərinə və həyat tərzlərinə təsir göstərir xüsusən yeniyetmələrdə çünki keçid dövrü yaşayırlar bu dövrdə onlara təsir etmək çox asan olur. Valideynlər uşaqlara diqqət və vaxt ayırsınlar belə olmayan təqdirdə sosial şəbəkə onların həm davranışına təsir edəcək həmdəki uşaqlarda aqressiyanın baş qaldırmasına gətirib çıxaracaq. Belə olan təqdirdə yeniyetmələr bivec, qeyri-etik şəkildə yetişəcəklər bundanda əziyyət çəkən yenədə valideynlər olacaq. Onların hətta pis vərdişlərə yiyələnmələrinə gətirib çıxaracaq.

- Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?

- Uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif əqli və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Təsadüfi deyil ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.

Dövlət nə qədər tədbir görürsə görsün, insanlar yenə bir yolunu tapıb uşaqları erkən nikaha məcbur edəcək. Nikah kəsilməyəcək, çünki 18 yaşları bitməyib, ona görə molla kəbini ilə toy ediləcək, vətəndaş nikahında yaşayacaqlar, nikahsız uşaqlar doğulacaq. Məncə həm qızlar, həm oğlanlar, həm də onların valideynləri üçün xüsusi maarifləndirici kampaniyalar keçirilməlidir, yaranacaq problemlər ən kəskin formada izah olunmalıdır.

Övladlarını çox təəssüf ki, erkən nikahlar təəssüflə qeyd edə bilərəm ki, hələ də gündəmdədir. Bu cür addım atan ailələr çoxdur övladlarının istəyi olmadan onları buna məcbur edirlər. Hətta onlar buna psixoloji olaraq qəti surətdə hazır olmurlar. Uşaqlıq sevgiləri bitməmiş ailə məsuliyyətinə sövq olunurlar, bu da daha sonra həm ailədə soyuqluqa və hətta xanımlarda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır çünki onlar fizioloji cəhətdən buna hazır olmurlar. Valideynlər "övladımın xeyir işini görüm, rahat olum gözüm arxada qalmasın" prinsipi ilə yanaşırlar daha sonra o ailənin gələcəkdə yaranacaq daxili problemləri nəzərə almırlar. Bu barədə məsuliyyət hər zaman kütləvi informasiya vasitələrinin, televiziya verlişlərinin üzərinə düşür, belə deyək onları silkələmək üçün. Hətta bununla bağlı valideynlərlə mütəmadi seminarlar və görüşlər keçirmək zənnimcə məsləhətli olardı. Təbii ki, özləri bunu istəməlidirlər. Onlar öz şəxsi mənafelərini güdməsinlər övladlarının şəxsi istəklərinə hörmətlə yanaşsınlar.

- Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?

- Mənəvi aşınmanı dayandırmaq üçün ciddi islahata, senzuraya ehtiyac var. Efirləri "alaq otu" kimi basan lazımsız proqramlardan, efir mədəniyyəti olmayan aparıcılardan tutmuş küçələrdəki reklam şitlərinədək hər yerdə təmizlik işləri aparmaq lazımdır. Dövlət və ictimaiyyət bu məsələdə iş birliyi etməlidir.

Ailə dəyərlərini aşılamaq üçün bünövrə düzgün qurulmalıdır. Şəxsiyyət kimi formalaşaraq ailə qurulmalı və gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş həvalə etməli. Milli dəyərlər mütləq ailədə qorunmalıdır. Məsuliyyət birinci olaraq valideynə daha sonra tədris həyatına və sonda cəmiyyətə düşür. Və ən əsası gələcəyimiz olan uşaqlara şəxsiyyət kimi münasibət göstərmək lazımdır. Ailədə onların fikirləri, istəkləri önə çəkilməlidir. Onlara seçim azadlığı vermək daha önəmlidir bu seçim azadlığı ilk öncə özünü ixtisas seçimində daha sonra şəxsi həyat seçimində özünü göstərməlidir. Ailədə müəyyən qadağalar qoymaqla onları qadağanın şirinliyinə məhkum edirlər.

Aydın

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində dərc olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə