Daşkəsən
Bu gün Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ayrı-ayrı ərazilərdə özü də xeyli ağac əkmişdir. İməcilik iştirakçıları ilə görüşlərdə rayon icra hakimiyyətinin başçısı, xüsusi olaraq qeyd etmişdir: "Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonumuzda çox gözəl, xeyirxah və nəcib bir aksiya keçiririk. Ağacəkmə aksiyasında iştirak etməyə rayon icra hakimiyyətinin çağırışına yüzlərlə rayon ictimaiyyətinin nümayəndəsi qoşulmuş, belə nəcib məqsədli yaşıllaşdırma kampaniyasına rayon sakinləri çox həvəslə, böyük enerji və yüksək əhval-ruhiyyə ilə iştirak etdilər.

Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev ekoloji vəziyyətə həmişə çox həssaslıqla yanaşmış, ölkəmizdə yaşıllaşdırma işinin təşkilini diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimiz qeyd etmişdir ki, hər bir insan ağac əkməlidir, becərməlidir və böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə, hətta öz ailəsinə də xəyanət edir. Ulu Öndərimizin bu müdrik sözlərini əldə rəhbər tutaraq, biz rayonumuzda ağacəkmə kampaniyasını illər öncə başlatmış və bu gün də layiqincə həmin ənənəni davam etdiririk. Hesab edirəm ki, Daşkəsəndə belə bir tədbir - iməciliyin böyük ruh yüksəkliyi ilə keçirilməsi Ulu Öndərimizin doğum gününə ən böyük hədiyyədir. Möhtərəm Prezidentimiz İlham Əliyev də qeyd etmişdir: "İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik".
Rayon ictimaiyyətinin, o cümlədən də, YAP rayon təşkilatının fəallarının, əsasən, gənclərin ağacəkmə aksiyalarında yüksək səviyyədə iştirak etməsi rayonda yaşıllaşmanın, ekoloji şəraitin daha da yaxşılaşmasına gələcəkdə öz müsbət təsirini göstərəcəkdir.
Ağacəkmə kampaniyasının sonunda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əkilən bu ağaclara daimi qulluq edilməsi, müntəzəm suvarılması və onların qorunmasına nəzarət üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.
Naftalan
Müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Naftalan şəhərində təntənəli surətdə qeyd edildi. Xalqımızın xilaskar oğlunun doğum günündə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də, şəhərə istirahətə və müalicəyə gələn qonaqlar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Sonra Heydər Əliyev adına meydanda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıldı.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik ənənələrimizin bərqərar olmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında apardığı uğurlu faəliyyətdən bəhs edib: "1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı, məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, məhz Ulu Öndər siyasətini dəstəkləyir.
Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilmiş və məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı kompozisiya səsləndirilmişdir.
Sonra Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.
Tərtər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışanlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə dislokasiya olunmuş hərbi hissənin əsgər və zabitləri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, rayon ictimaiyyətinin çoxsaylı üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Ümumrayon tədbirinin iştirakçıları. ilk öncə, Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini böyük ehtiramla yad ediblər.
Mərkəzi meydanda yerləşdirilmiş geniş ekranlı monitorda Ulu Öndərin həyat və fəalliyyətindən bəhs edən video-çarxlar nümayiş etdirilib.
Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası ilə davam etdirilib və rayon ictimaiyyəti bu kampaniyada yaxından iştirak edərək, müxtəlif növ fidan və ağacları əkməklə yanaşı, əraziləri tullantılardan təmisləyərək, digər ekoloji tədbirləri də həyata keçiriblər.
Cəlilabad
YAP Cəlilabad rayon təşkilatı rayon icra hakimiyyəti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirib. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Heydər Əliyev Mərkəzinin iclas zalında davam edən tədbirdə çıxış edən Cəlilabad rayon icra hakimiyyətinin başçısı, YAP Cəlilabad rayon təşkilatı idarə heyətinin üzvü Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Tədbirdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon təşkilatının şura üzvləri Ədalət Əsgərov və Rahib Ağayev, rayon Veteranlar Şurasının sədri, rayon təşkilatının şura üzvü Əliheydər Əsədov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Vüsal Kazımov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, Ulu Öndərimizin kursunun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun və müdafiə qüdrətinin artması, paytaxtımızda və bütün bölgələrdə infrastrukturun müasir tələblərə uyğun qurulması, əhalinin rifahının gündən günə yaxşılaşdırılması istiqamətində yorulmadan böyük işlər həyata keçirir.
YAP Cəlilabad rayon təşkilatının nəzərdə tutduğu tədbirlərə uyğun olaraq Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq may ayı ərzində yeniyetmə və gənclər arasında müxtəlif idman yarışlarının və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə Yevlaxda ağacəkmə kampaniyası təşkil olunub
Yevlax
Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbirlər keçirilib. Tədbirdən öncə iştirakçılar şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Yevlax şəhər icra hakimiyyəti tərəfindən kütləvi iməcilik və ağacəkmə kampaniyası təşkil olunub. Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının gənc fəallarının iştirak etdiyi ağacəkmə kampaniyasında şəhərin Heydər Əliyev prospekti, Bakı Prospekti (İpək Yolu ətrafı) Yevlax- Bərdə yolu istiqamətində 1150 ədəd şam, çinar ağacları, 6000-dən çox lüqustur və gül kolları əkilib, 15000-dən artıq yeni əkilmiş mövcud olan ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
.jpg)
Şəhərətrafı və Kür çayı sahili, İpək Yolu ətrafı atılmış tullantılardan təmizlənmiş ot örtüyü biçilərək, sahmana salınıb. Ümumilikdə, 1200 nəfərdən artıq könüllü kampaniyada iştirak edib. Yekunda YAP Yevlax şəhər təşkilatının elan etdiyi inşa yazı müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Zərdab
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü illdönümü respublikanın bölgələrində qeyd olunub. Belə ki, bu münasibətlə Zərdab rayon ictimaiyyəti Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Ümummilli Liderin adını daşıyan parkda təşkil edilən məktəblilərin əl işlərindən ibarət sərgi və divar qəzetləri maraqla izlənilib. Təşkil olunmuş "Kitab bayramı" da böyük marağa səbəb olub. Kitab sərgisində 180 adda 1100 nüsxədən çox əsər nümayiş olunub. Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallar maraqla qarşılanıb. Zərdablılar yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramını da alqışlarla qarşılayıblar.
Bu əlamətdar gündə rayonda sosial və istehsal təyinatlı obyektlər də istifadəyə verilib. 35 yerlik İsaqbağı kənd Körpələr Evi-Uşaq Bağçasının əsaslı şəkildə yenidən qurulması sevinclə qarşılanıb. Zəruri ləvazimat və avadanlıqlarla təchiz edilən təlim-tərbiyə ocağının qrup və yataq otaqlarında nümunəvi şərait yaradılıb. Bağçanın açılış mərasimində Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev körpələri, valideyn və tərbiyəçiləri təbrik edib.
Rayonda Süd Emalı Müəssisəsi də istifadəyə verilib. Sutkalıq gücü 20 ton olan "Ram Süd" MMC-nin süd emalı müəssisəsində 100 nəfərə qədər insan daimi işlə təmin ediləcək. Burada postizator, çeferator, südbişirmə tankları-qazanları, südsoyutma tankları, ayran və qatıq aparatları, soyuducu, nehrə, kəsmik qazanları, kəsmik üçün baraban, qablaşdırıcı, termost və digər avadanlıqlar quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazara çıxarılması planlaşdırılıb. Təsisçi Roman Səfərov bildirib ki, müəssisə qurularkən dövlət dəstəyindən yararlanıb. Lizinq yolu ilə bir milyon manat dəyərində avadanlıq alınıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bu əlamətdar hadisə münasibətilə bütün rayon sakinlərini təbrik edib. Müəssisənin açılışından sonra iş fəaliyyəti ilə tanışlıq olub.
Eyni zamanda, Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan 620 nəfər sakin Zərdab-Ucar avtomobil yolunun kənarlarında ağacəkmə kampaniyasında iştirak ediblər. Kampaniya çərçivəsində 2800 ədəd qovaq, çinar, Eldar şamı, göyrüş, söyud, sərv və sair ağaclar əkilib. Yeni və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB