Nəsimi rayonunda yeni park istifadəyə verildi

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeni park istifadəyə verildi
Nəsimi rayonunda yeni park istifadəyə verildi

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə genişmiqyaslı abadlıq işləri aparılıb, mövcud ağaclar budanıb, aparılmış yenidənqurma işlərindən sonra istirahət parkı sakinlərin istifadəsinə verilib.

Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılan, avadanlıq və qurğular quraşdırılıb, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulub. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılıb. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmayıb, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılıb.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 10 may 2017-ci il tarixdə istirahət parkı bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verildi. Bayram tədbirində uşaqlar böyük coşqu ilə mahnılar oxudular, şerlər söylədilər, rəqslər etdilər.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ərazinin sakinləri ilə söhbət aparıb, sakinlər – ağsaqqallar binalarının həyətlərində aparılan abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə qeyd olunub ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə