Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" filminin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində premyerası keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SİA-ya verilən məlumata görə, film mayın 9-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə San Dieqonun tanınmış "Regal Cinema" kinoteatrında təqdim olunub.
Nümayişdə çoxsaylı kinosevərlər, eləcə də Azərbaycan mədəniyyətinin dostları iştirak ediblər.
Nümayişdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev "Əli və Nino" filmində tərənnüm edilən multikulturalizm və dinlərarası harmoniya prinsiplərinin tarix boyu olduğu kimi, bu gün də Azərbaycan üçün keçərli olduğunu və bu ənənələrin ölkəmizdə həyat tərzi olaraq getdikcə daha da gücləndiyini diqqətə çatdırıb. Azərbaycan multikulturalizmi ilə yanaşı, ilk respublikamızın qurulması ətrafında cövlan edən prosesləri yüksək ustalıqla dünya tamaşaçısına çatdıran belə bir dəyərli filmin istehsalını əlamətdar hadisə kimi qiymətləndirən diplomat, Azərbaycanın unikal tolerantlıq dəyərləri, eləcə də müstəqillik mübarizəmizin tarixi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında filmin mühüm rol oynayacağını vurğulayıb.
Sonra çıxış edən Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan kinematoqrafiyasının tarixi, eləcə də azərbaycanlı yazar tərəfindən yazılan və Vyanada 1937-ci ildə ilk dəfə nəşr olunan "Əli və Nino" əsəri barədə tamaşaçılara məlumat verərək, əsərin indiyədək 33 dilə tərcümə olunduğunu qeyd edib. A.Əsgərov iki gəncin ülvi məhəbbəti ilə yanaşı, filmin Azərbaycan Demokratik Respublikasının yaradılması ilə əlaqədar hadisələri də əks etdirdiyini bildirərək, ADR-in müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu və qadınlara ilk dəfə səsvermə hüququ verdiyini amerikalı tamaşaçıların diqqətinə çatdırıb.
Natiq filmin ərsəyə gətirilməsinin Azərbaycanın Birinci vise-Prezidenti və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın hərtərəfli dəstəyi nəticəsində mümkün olduğunu qeyd edərək, onlara öz təşəkkürünü bildirib.
Sonra film nümayiş etdirilib. Tamaşaçılar filmin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar.
Qeyd edək ki, Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu 2011-ci ildə qardaşlaşma münasibətləri qurublar.




.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB