Astarada 9 may Qələbə günü qeyd olundu FOTOLAR

Astarada 9 may Qələbə günü qeyd olundu FOTOLAR

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü Astara rayonunda da qeyd edilib. SİA-nın məlumatına görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki "Qəhrəmanlar bağı"na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç "Şöhrət" ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri qarşısına əklil və gül dəstələri qoyublar.

Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri ilə söhbət ediblər.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə veteranları təbrik edib, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak edib, bir qismi həlak olub, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq sonrakı quruculuq illərində çalışıblar. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırıb. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

İcra başçısı daha sonra əlavə edib ki, inanırıq ki, siyasi sabitliyi və iqtisadi gücü ilə dünyada özünəməxsus yer tutan ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda işğal altında olan torpaqlarımızın azadlığına nail olcaq və qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcəyik.

İcra başçısı tədbirdə iştirak edən rayonun Səncərədi kənd sakini 100 yaşlı Böyük Vətən Müharibəsi veteranı Ağabəy Dadaşovu qələbə və ad günü münasibətlə təbrik edib, qiymətli hədiyyə ilə mükafatlandırıb.

Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə