Almaniyanın Azərbaycandakı səfiri “Yaşıl çay” fermer təsərrürfatında FOTOLAR

Almaniyanın Azərbaycandakı səfiri “Yaşıl çay” fermer təsərrürfatında FOTOLAR

May ayının 8-də Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Lənkəran səfəri çərçivəsində "Yaşıl çay" FT MMC-yə baş çəkib. SİA-nın Cənub bürosunun məlumatına görə, xarici diplomatı çay plantasiyasında müəssisənin rəhbəri Araz Yağubov və başqaları qarşılayıb.

Araz Yağubov hörmətli qonağı salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Baş tutan söhbət zamanı Araz Yağubov bildirib ki, sovetlər dönəmində İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan "Yaşıl çay" fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortlundan ibarət çay plantasiyaları salınıb. Hazırda 61 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Keçən il 42 ha məhsul verən sahələrdən 90 ton yaşıl çay yarpağı yığılıb.

Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində "Buket", "Narın", "Gül çayı", "Feyxoa çayı" və daha yüksək keyfiyyətli "Premium" və "Ekstra" növ çayların emal edildiyini, həmçinin gələn il müəssisədə Azərbaycanda ilk dəfə olaraq "Tibet" və "Xan" çayının istehsal edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

A.Yağubov bildirib ki, təsərrüfatımız çoxprofillidir. Əsas istiqamətimiz çayçılıq və heyvandarlıq olsa da, əhalinin tələbatına uyğun olaraq digər kənd təsərrüfatı məhsulları da istehsal edirik. Fermamızda mal-qaranın sayını 17 başdan 300 başa çatdırmışıq. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri becərilir. Bütün digər sahələr çayçılığı inkişafına hesablanıb. Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edilməsini, ticarət-ixrac missiyalarının həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. Biz də cənab Prezidentin çağırışına qoşularaq istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını özümüzdə emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışır, bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk.

Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən 2 sahə, həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı "İnvestisiya təşviqi sənədi"ni almışıq. Bu sənədlər dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Artıq yeddi il müddətinə bütün vergilərdən azad olunmuşuq. Aldığımız İnvestisiya təşviqi sənədləri də bizə Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmağa imkan verir. Bu sənədi almaqla biz mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal edəcəyimiz texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirik. Bir sözlə, bu, qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.

Başlıca məqsədimiz çay sahələrimizi 100 hektara çatdırmaq, əsas çay fabrikimizi tikib istifadəyə verməkdir.

Xarici diplomatla söhbət "Yaşıl çay evi"ndə çay süfrəsi arxasında davam etdirilib. Söhbət zamanı səfir sullarına cavablandıran Araz Yağubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. "İnvestisiya təşviqi sənədi"nin verilməsi ilə isə sahibkar bütün vergilərdən azad edilir. A.Yağubov çay sahələrinin hazırlanmasında Almaniya istehsalı olan "Deutis" markalı traktorlarından istifadə edildiyini, bu maşınların keyfiyyətindən razılığını bildirib. Həmçinin ən yaxşı çay çəkici bükücü avadanlıqların Almaniyada istehsal edildiyini diqqətə çatdırıb.

Səfir Mixael Kindsqrab öz Almaniya istehsalı kənd təsərrüfatı texnikalarının burada işlədiyi və onlar barədə yüksək rəydən məmnun qaldığını və öz növbəsində onlara göstərilən diqqətə görə təsərrüfat rəhbərinə minnətdarlığını bildirib. Əlavə edib ki, burada istehsal edilən ekoloji təbii məhsulun xarici bazarlara, xüsusən də Almaniyada satışa çıxarılması üçün hər cür yardım göstərməyə hazır olduğlarını, günlərin bir günü "Yaşıl çay"ın istehsalı olan çay məhsullarına Almaniya dükanlarında rast gələcəyinə inandığını söyləyib.

Səfirlə plantasiya önündə xatirə şəkili çəkdirilib.

Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə