Bu gün Bakı Nəqliyyat Agentliyində (BNA) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt nəqliyyatında baş verəcək dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev iştirak edib.
K.Əliyev bildirib ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verilib: "Mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şossesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisinədək birtərəfli istiqamətdə hərəkət təşkil edilir.
Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq. Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ. Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkətləri məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər. Mayın 6-dan 23-dək həmin ərazidə Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq".
O qeyd edib ki, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.
BDYPİ-nin şöbə rəisi deyib ki, yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolaqlarından istifadə etdikləri üçün artıq 700-dək sürücü inzibati məsuliyyətə cəlb olunub: "Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılır və 24 saat ərzində zolaqlara nəzarət edilir. Mayın 5-dən 25-nə qədər zolaqlara digər maşınların girməsinə icazə verilmir. Aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunurlar".
M.Ağayev isə IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi günlərdə tamaşaçıların Bakı Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən ediləcək ekspress xətt avtobusları ilə gedə biləcəklərini vurğulayıb: "IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanış mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpia Stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə tamaşaçılar sözügedən 3 ekspress xətt üzrə adı çəkilən metro stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından isə X3 ekspress avtobusları Bakı Olimpia Stadionuna tamaşaçıları aparacaq".
O qeyd edib ki, Bakı Olimpia Stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla 2 dəqiqəlik intervalla hərəkət edəcək: "Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada stadionuna yaxınlaşmasına icazə verilməyəcək. Məkanın ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün də parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17.00-da fəaliyyətlərini dayandıracaq".
Onun sözlərinə görə, Oyunların açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək: "Üç xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb. Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB