Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Ümummilli Liderin xatirəsi anılıb
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Daimi nümayəndəliyin kollektivi əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb. O, dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyevin siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz məhv olmaqla üz-üzə qaldığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir. Bəxtiyar Əsgərov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirməklə yanaşı, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də bütün titul və adlardan ən yüksəyini – öz sağlığında xalqın Ümummilli Lideri adını qazanmış dahi şəxsiyyətdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaq.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə Heydər Əliyevin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni və müqayisəsiz dövrünə qədəm qoyub. Heydər Əliyevin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu bir daha layiqli Azərbaycan övladını - əsl vətəndaş, dərin düşüncə sahibi, Heydər Əliyevə sədaqət məktəbinin öncülü Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağı sövq edib.
Bütün bu misilsiz nailiyyətlərin hamısı ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır", – deyən ümummilli liderimiz Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB