Əbülfəs Qarayev: "Biz təkcə ərəb ölkələrindən gələn turistlərlə kifayətlənmirik"

Əbülfəs Qarayev: "Biz təkcə ərəb ölkələrindən gələn turistlərlə kifayətlənmirik"

"Azərbaycanda turizm tarixi nisbətən qısadır. Amma biz ölkəmizi turizm vasitəsilə dünya xəritəsinə qoymağa çalışırıq. Ümumünya Turizm Təşkilatının da bu işdə bizə köməyi var. Biz öz işimizdə inadkar şəkildə davam edirik". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda keçirilən paneldə çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan ÜTT ilə əməkdaşlığı sayəsində ən vacib sahələrdən olan turizmin inkişafına daha çox diqqət göstərir: "Azərbaycan turizminin ÜDM-də payı 4.4 faizdir. Bunun artırılması üçün çox gözəl imkanlar var".

Nazir qeyd edib ki, azərbaycanlılara məxsus qonaqpərvərlik turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir: "Lakin yeni ideyalara ehtiyac var ki, Azərbaycanı dünyaya turizm məkanı kimi təqdim edək. Azərbaycan tarixən mədəniyyətlərarası dialoqda körpü rolunu oynayıb. Azərbaycan turizm üçün yaradılan ölkədir. Biz müstəqil ölkə kimi 25 ildir ki fəaliyyət göstəririk. 20 faiz torpaqlarımız işğal altındadır. Biz turizmlə ciddi məşğul olmağa 2011-ci ildən başlamışıq. Bizim turizm zonalarımız yaradılmaqdadır. Bizim turizmlə bağlı xüsusi konkret proqramlarımız var. Ərəb ölkələrindən gələn turistlərin sayı çoxdur. Ərəb turistləri ölkəmizdə özlərini çox rahat hiss edirlər. Amma biz bununla kifayətlənmirik. Biz Avropadan digər regionlardan turistlər gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə