“Müasir demokratiyanın başlıca prinsipləri”

Asif Nizami oğlu Əliyev, Lənkəran Şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri
“Müasir demokratiyanın başlıca prinsipləri”

1. Demokratik dövlət idarəçiliyi nədir?

Siyasi sistem cəmiyyətin yaşayan və fəaliyyət göstərən bir bütöv sosial orqanizm kimi formalaşması üçündür. Sosial-siyasi proqramı idealogiya deyilən sistemləşdirilmiş və birləşdirilmiş konsepsiya, nəzəriyyə və məqsədlərin cəmi təşkil edir. Siyasi idealogiyalar çoxdur və o qədər müxtəlifdirlər ki, onlara idarəetmə sistemlərin nizamlanmış siyahısında dəqiq yer tapmaq çətindir.

İdarə formasının nəzəri cəhətdən ən son variantları demokratiya və totalitarizmdir. Siyasi idarəetmə forması kimi demokratiya müasir baxımdan bir neçə mənada işlədilir. Əsas mənada xalq hakimiyyətinə əsaslanan idarəetmə forması kimi siyasi anlamda başa düşülür. Müasir dünyada isə daha geniş formada demokratiyaya yanaşsaq görərik ki, bu termin təkcə dövlət səviyyəsində deyil, bütünlükdə bilavasitə, cəmiyyətlə vətəndaşların müəyyən dəyərlər sisteminə və dünya görüşünə əsaslanan ictimai quruluşu, habelə insanların iyerarxik şəxsiyyətlərarası münasibətlərini tənzimləyən norma və prinsiplərin məcmusudur. Demokratiyanın bu cür geniş əhəmiyyət kəsb etdiyini hələ qədim yunan dövlət xadimi Periklin e.ə. 431-ci ildə Afina demokratiyası haqqında dediyi sözlərdə aydın görmək olur: "Bizim bu siyasi sistemdə istifadə etdiyimiz azadlıqlar gündəlik həyatımızı da əhatə edir".

Vaxtaşırı keçirilən seçkilər demokratiyanın totalitar və digər siyasi idarəetmə formalarından fərqli prinsiplərindən ən başlıcasıdır. Bu, həm də azlığın deyil, çoxluğun - geniş mənada bütünlükdə xalqın hakimiyyətinə əsaslanan quruluş kimi səciyyələnir. Demokratik cəmiyyətdə insan haqları təmin edilməlidir. Seçkilərdə xalq öz seçimləri ilə səsvermə hüquqlarını təmin edir.

Məlumdur ki, hakimiyyəti xalqın köməyi ilə idarə etmək o deməkdir ki, demokratik cəmiyyətdə yaşayan vətəndaşlar cəmiyyətin maddi və mənəvi nemətlərindən istifadə etməklə bərabər onun problemlərinə də şərik olur. Belə olduqda insan öz üzərinə yaşadığı cəmiyyət üçün müəyyən məsuliyyət də götürür. Həmçinin, demokratiya üçün ən böyük meyarın xalq olduğunu göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda demokratiya ilə bağlı keçirilmiş konfrans iştirakçılarını qəbul edərkən bildirmişdir: "...Əgər xalq ölkədəki vəziyyətdən razıdırsa, o, həyata keçirilən siyasəti dəstəkləyirsə, deməli, bu siyasət düzgündür... Mənim üçün məhz xalqın nə düşündüyü daha vacibdir...Hakimiyyət onların qabağında hesabat verir..."

Daha geniş formada demokratiyanın prinsiplərini aşağıdakı kimi göstərmək olar:

- qanunun aliliyi;

- xalqların suverenliyi;

- isan haqlarına təminat;

- hökumətin razılıq əsasında təşkili;

- həddi-buluğa çatmayanların hüquqları;

- azad və ədalətli seçkilər;

- hüquq bərabərliyi;

- hökumət üzərində konstitusiya nəzarəti;

- sosial-iqtisadi və siyasi plüralizm;

- tolerantlıq, praqmatizm, əlaqə və kompromis.

Yuxanda göstərdiyim bu prinsiplər demokratiyanın digər totalitar sistemlərdən fərqli, üstün cəhətləridir. Heç bir sistemin verə bilmədiyi, digərlərində rast gəlinə bilməyən dəyərlər, prinsiplər. insanın bir fərd olaraq azad inkişafı yalnız demokratik cəmiyyətlərdə müşahidə olunur. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Bir sözlə, demokratiya kollektiv qərarlar üzərində ictimai nəzarət və belə nəzarətin həyata keçirilməsində hüquq bərabərliyi prinsipinə riayət olunmasını tələb edir.

Siyasi idarəetmə formaları içərisində ən yaxşısı hesab edilən demokratiyada əhalinin siyasi iştirakı məsələsi ən vacib amildir. Adından da göründüyü kimi, hakimiyyətin təşkilində, idarə olunmasında ayrı-ayrı fərdlərin deyil, məhz çoxluğun iştirakı vacibdir. Çoxluğun iştirakı özünü ən geniş formada əsasən seçkilər prosesində göstərir. Bu prosesdə bütün kütlə iştirak edir. Bəzi tədqiqatçılar demokratiya və çoxluğun hakimiyyətini eyniləşdirməyi düzgün hesab etmirlər. Əgər demokratiya termini xalqın idarəetməsi kimi başa düşülürsə, bu, hər hansı bir hissənin digəri üzərində ağalığı deyil, bütünlükdə xalqın hakimiyyətidir. Yəni bütün vətəndaşlar bərabər şəkildə qərar qəbul etmək hüququna malikdirlər. Bu gün azlıqda qalanlar sabah çoxluğun bir hissəsinə çevrilir. Deməli, idarəetməni və ona nəzarəti bütünlükdə xalq həyata keçirməlidir və keçirir.

Müasir demokratiya nəzəriyyələri içərisində daha geniş yayılmışı plüralist demokratiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, demokratiya müxtəlif ictimai qruplara öz mənafeyini ifadə etməyə və rəqabət mübarizəsində qəbul olunmağa imkan yaradan idarəçilik forması kimi qavranılır. Plüralist demokratiyanın bəzi prinsipləri vardır:

1. Mənafe qruplarının fəaliyyəti.

2. Mənafe qruplarının mübarizəsi nəticəsində ümumi iradə formalaşır.

3. Mənafe qrupları arasındakı rəqabət və qüvvələr balansı.

R.Dahl özünün "Demokratiya haqqında" kitabında plüralist demokratiya məsələsinə geniş yer ayırmışdır. O, müasir nümayəndəli demokratiyanın siyasi institutlarmı əhatəli formada tədqiq etmişdir. Bunları aşağıdakı kimi verə bilərik:

1. Vəzifəli şəxslərin seçilməsi.

2. Azad, ədalətli və mütəmadi keçirilən seçkilər.

3. İfadəetmə azadlığı.

4. Alternativ informasiya mənbələri.

5. Assosiasiyaların müstəqilliyi.

6. Ümumi vətəndaşlıq hüququ.

Bütünlükdə belə nəticəyə gəlmək olar ki, demokratiyanın zaman-zaman keçərək müxtəlif formalarının meydana gəlməsinə, təşəkkül tapmasına baxmayaraq hər bir formanın öz üstünlükləri var. Əslində isə demokratiya bir çox qüsurları, problemləri olmasına baxmayaraq, hələ də ən yaxşı idarəetmə forması olaraq qalmaqdadır. Demokratiya şəraitində siyasi iştirak isə digər siyasi sistemlərdəkindən çox fərqli cəhətləri vardır. Burada insan hüquq və azadlıqları mövcuddur. Bu, imkan verir ki, əhali azad formada seçkilərdə və digər siyasi proseslərdə birbaşa və ya nümayəndəli şəkildə iştirak etsin.

2. Demokratiyanın əsas prinsipləri.

Qəbul olunmuş aksiomdur ki, demokratiyanın mənası xalq üçün və xalq tərəfindən "idarə olunma" deməkdir. Demokartiyanın iki əsas modeli var: təmsilçilik və bir başa demokratiya. Dünyanın müxtəlif ölkələrində təmsilçilik vasitəsilə olan demokratiyanın bu variantı geniş yayılmışdır: xalq ardıcıl surətdə seçkilərdə iştirak edir. Belə seçki üsulu ilə onlar liderlərdən ibarət kiçik qruplar seçirlər ki, o adamlar faktiki olaraq hakimiyyət dairələrində çalışırlar. Bir başa demokratiya dedikdə isə xalq seçimini idarə etməyə görə edir. Digər sözlə desək, onlar haçansa qərar qəbul edəcək liderləri deyil, bir başa - yəni hazırda hakimiyyətin mövcud vacib məsələləri ilə çalışan namizədlərə səs verirlər. Bir başa seçim üsulu hələ ki, bir çox səbəblərdən geniş yayılmamışdır. Buna səbəb belə sistemin idarə edilməsi və həmçinin mövcud təmsilçilik modelindən bu modelə keçid zamanı idarə edilmədə yarana biləcək çətinliklər aiddir.

Eyni zamanda, demokratiya sosial təşkilatlardan ibarət mürəkkəb bir sistemdir. Onun bir sıra prinsipləri, məsuliyyəti və təsisçiləri var. Ən əsas prinsiplərindən biri insanların bərabər hüquqlu olması və onların şəxsi azadlıqları eləcə də, bir çox bu kimi digər məsələlər aiddir. İkincisi: xalqa və liderlərin hər birinə məxsus və müvafiq olan öhdəçilikləri var. Səs verdikdən sonra xalqın bu imkanları daha da genişlənir. Nəhayət , demokratiyanı təsis edən müxtəlif institutlar fəaliyət göstərir ki, onlar da tarazlıq və müvazinətin, eləcə də hüquq qaydalarının qorunub saxlanmasına nəzarət edirlər.

Yuxarıda göstərilən demokraitiyaya alternativ olanı "avtoritar cəmiyyət"dir ki, burada xalqın kiçik qrupları səlahiyyətə və ya hakimiyyətə malik olurlar və sonra bundan istifadə edərək hər yerdə özlərini təmizə çıxarmağa çalışırlar. Belə hökümət hamının adından danışır, lakin bu cür kiçik qruplar tərəfindən idarə olunur və elə onlar üçün də işləyir.

Demokratiya hər şeydən əvvəl, hakimiyyətin balanslaşdırılmasını təmin edən bir sistem olmaqla, həmçinin onun düzgün bölüşdürülməsinin qarantı hesab olunur.

3. Azərbaycanda dövlət idarəçiliyinin xüsusiyyətləri

Məşhur amerikalı filosof Frensis Fukuyamanın fikrincə, "güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir. Çünki dövlətlərin zəifliyi və dağılması dünyanın çoxsaylı ən ciddi problemlərinin mənbəyidir". Dövlətçilik ölkənin əsas və fundamental dəyəridir. Azərbaycan dövlətçiliyinin mahiyyəti müəyyən mənada Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin "suveren, müstəqil, hüquqi, demokratik, dünyəvi" kimi ən vacib xüsusiyyətlərini əks etdirən sözlərlə ifadə olunmuşdur və bu gün praktikada reallaşdırılır, inkişaf etdirilir. Əhali özünün müdafiə, sağlamlıq, ərazi bütövlüyü, sərhədlərin təhlükəsizliyi və s. sahədəki ümidlərini güclü və möhkəm dövlət hakimiyyəti ilə bağlayır.

Yaşadığımız dövrün mürəkkəbliyinə baxmayaraq, ölkəmiz bütün istiqamətlərdə artım imkanlarına - kifayət qədər maddi-xammal ehtiyatlarına, elmi-texniki potensiala, ixtisaslı kadrlara malikdir. Qarşıda dinamik inkişaf edə biləcək, insanların tələbatlarını ödəməyə qadir olan sosial yönümlü səmərəli iqtisadiyyatın və dövlət idarəetməsinin yaradılması durur. Bunun üçün dövlətin iqtisadi, hüquqi, inzibati vasitələrindən çevik istifadə etməklə cəmiyyətin inkişafına, idarə olunmasına təsirinin gücləndirilməsi tələb olunur.

Akademik Ramiz Mehdiyev "Demokratiya yolunda: irs haqqında düşünərkən" adlı əsərinin yazılmasını müasir Azərbaycan tarixi-siyasi və fəlsəfi fikrinin obyektiv şəkildə qələmə alınması, cəmiyyətdə baş verən mürəkkəb ictimai-siyasi proseslərin geniş ictimaiyyətə izah olunması zərurəti ilə izah etmişdir. Müxtəlif nəzəriyyəçilərin demokratiya haqqında dərin fəlsəfi düşüncələrini ümumiləşdirən akademik bu kontekstdə bəşəriyyətin alternativsiz inkişaf yoluna çevrilmiş sözügedən idarəetmə formasının uğur və çatışmazlıqlarına obyektiv nəzər salmışdır. Akademik Ramiz Mehdiyev əsərdə Azərbaycanın qısa müddətdə demokratik inkişaf yolunda əldə etdiyi nailiyyətləri həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi kimi dəyərləndirərək siyasi və iqtisadi islahatların bir-birini tamamladığını qeyd etmişdir.

Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi gündən indiyə qədərki dövrü dövlət idarəçiliyinin inkişafi baxımından şərti olaraq dörd mərhələyə ayırmaq olar:

1. 1991-1993-cü illər hərcmərclik və dövlətdə idarə olunanlığın itirilmləsi dövrü. Belə bir şəraitdə dövləti anarxiyadan və tamamilə dagılmaqdan yalnız görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda dövlət rəhbərliyinə qayıtması xilas etdi.

2. 1994-1995-ci illər siyasi sabitıliyin və dövlətdə idarə olunanlığın bərpası dövrü. Azərbaycanın qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı informasiya blokadasının yarılması və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində təsirli tədbirlərin görülməsi, "Əsrin müqaviləsi"nin imzalanması və s. kimi məsələlər məhz bu dövrdə dövlət idarəçiliyi sahəsində görülmüş işlər haqqında təsəvvür əldə etməyə imkan verir. Aydındır ki, demokratik, hüquqi dövlət quruculuğu, səmərəli fəaliyyət göstərən dövlət idarəetmə sisteminin yaradılması çox çətin bir prosesdir. Bu baxımdan 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş Konstitutsiyanın əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu illərin ən böyük nəticələrindən biri ondan ibarətdir ki, bu mərhələdə yaradılmış siyasi sabitlik Azərbaycanın gələcək milli inkişaf strategiyasının müəyyənləşdirməyə, ölkədə demokratik, hüquqi dövlət quruculuğu və səmərəli idarəetmə sisteminin yaradılmasına geniş imkanlar yaratmışdır.

3. 1996-1998-ci illər iqtisadi dirçəlişin və dövlət idarəetmə sisteminin islahatlarının başlandığı dövr. 1995-1998-ci illərdə hökümətin üç müxtəlif iqtisadi inkişaf proqramı işlənib hazırlanmış, iqtisadi artıma və struktur dəyişikliklərinə nail olmaq üçün islahatlara başlanmışdir. Bu proqramların reallaşdırılmasının islahatların strateji kursunun düzgün müəyyənləşdirilməsi və ölkənin iqtisadi potensialının gücləndirilməsi ilə nəticələnmişdir.

Bu dövrdə iqtisadi islahatların reallaşdırılması prosesini tənzimləyən 150-dən yuxarı qanun, ölkə prezidentinin yüzlərlə fərman və sərəncamları, digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.

Bu illər ərzində iqtisadi islahatlarla yanaşı, sosial sahədə də islahatlar həyata keçirilmiş, əhalinin sosial problemləri dövlətin daim maraq mərkəzində olmuşdur. Bu islahatalar təhsil, səhiyyə, mədəniyyət, elm, əhalinin aztəminatlı və yoxsul təbəqələrinin sosial müdafiəsi sahəsində mühüm dövlət proqramalrının işlənib hazırlanması və reallaşdırılmasından ibarətdir.

4. 1999-cu ildən sonrakı illər səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılması dövrü. Bütün bunları nəzərə alaraq ölkə prezidenti 1998-ci ilin dekabrin 29-da Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında fərman imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoydu. Dövlət idarəetmə strukturunu təkmilləşdirmək, dövlət idarəetmə orqanları sistemini funksional prinsip üzrə formalaşdırmaq məqsədilə yeni nazirlik və qurumlar yaradılmışdır. Bu prinsiplərə cavab verməyən bir sıra orqanlar ləğv olunmuşdur.

Hazırda Azərbaycanda ali icra hakimiyyəti orqanı funksiyasını Prezident və onun icra aparatı orqanı həyata keçirir. Yuxarı icra hakimiyyəti orqanı funksiyasını Nazirlər kabineti, mərkəzi icra hakimiyyəti orqanı funksiyasını isə 18 nazirlik və 13 dövlət komitəsi həyata keçirir.

Ağıllı dövlət xadimi həmişə yadda saxlayır ki, dövlət xadiminin ali vəzifəsi öz xalqına, dövlətin firavanlığına xidmət etməkdir.

Bu baxımdan, tale Azərbaycan xalqı üçün gözəl gələcək hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə öz xalqına xidmət edən Prezident İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 2003-cü ilin payızında ölkənin ən birinci vəzifəsində Heydər Əliyevi əvəz edən İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib. Onun fəaliyyəti inqilabi fəaliyyət oldu, çünki bir onillik ərzində böyük ümidlərin həyata keçməsinə gətirib çıxardı. Əslində məhz bu, əhalinin iqtidara münasibətini, ictimai qüvvələrlə dialoqun taleyini müəyyənləşdirir.

Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır. Dövlətimizin başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini arxasınca aparmağa nail oldu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008, 2009-2013, 2014-2018-ci illər)" ölkənin

balanslaşdırılmış sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regionlarda mövcud potensialın reallaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi üzrə kompleks tədbirləri əhatə edir.

Dövlət idarəçiliyinin əsasını insanlar-səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də, dövlət idarəetməsinin əsas problemi idarəetmə kadrlarından asılı olur ki, onların səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir.

Xülasə

Demokratiya sürətlə qloballaşan dünyada hər bir dövlətin sabit inkişafının mühüm şərti kimi bəşəriyyətin mənəvi-hüquqi ideallarının ali təzahürünə çevrilməklə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsanların qərinələr boyu təcrübədən uğurla çıxardığı demokratik dəyərlər dünya ölkələrinin əksəriyyətində milli inkişaf strategiyası kimi müəyyənləşdirilmiş, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-hakimiyyət münasibətlərinin tənzimlənməsinin ən ahəngdar forması kimi dəyərləndirilmişdir. Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində ümumbəşəri dəyərlərə-demokratik ideallara və insan hüquqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq qətiyyən mümkün deyildir.

Müasir dövrdə inkişaf səviyyəsinin müxtəlifliyinə, demokratik dəyərlərin mənimsənilməsi göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr insan hüquqları prinsiplərinə sadiqliklərini bəyan etmişlər.

Keçən əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Burada əsas vəzifə Azərbaycanda dövlət idarəçiliyi sahəsində islahatların aparılması və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasından ibarətdir.

Müstəqilliyimizin bərpasından keçən müddət ərzində respublikamız siyasi və mənəvi azadlığı bərpa etmiş, insanların təşəbbüskarlığını və işgüzarlığını buxovlayan sistemdən azad olmuşdur. Dövlətin, cəmiyyətin idarə olunmasında hakimiyyət bölgüsü prinsipi qəbul olunmuş insan azadlıqları artmış, iqtisadi və sosial sahədə hüquqi zəmanətlər sistemi yaradılmış, idarəetmə prosesinə əhalinin geniş qruplarının cəlb olunması üçün əlverişli imkanlar açılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə