Azərbaycan mətbuat sahəsində bir çox uğurlara imza atıb MÜNASİBƏT

Media rəhbərləri Azərbaycanda mətbuat və söz azadlığından danışıblar
Azərbaycan mətbuat sahəsində bir çox uğurlara imza atıb MÜNASİBƏT

Dünya ölkələri 3 May tarixini Ümumdünya Mətbuat və Söz Azadlığı Günü kimi qeyd edir. Ümumdünya Mətbuat Azadlığı Günü demokratik proseslərin inkişaf etdiyi, fikir və söz azadlığına önəm verildiyi ölkələrdə, o cümlədən, Azərbaycanda da qeyd olunur. Müasir dövrümüzdə Azərbaycan mətbuatı dünya mətbuatının bir parçası kimi uğurla inkişaf edir. Söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsü rolunu oynayır. SİA-ya açıqlama verən media rəhbərləri də bu barədə öz fikirlərini bildiriblər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu: "Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil"

"Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Eləcə də dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil". Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Respublikasında söz və mətbuat azadlığının təmin olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkili xatırladıb ki, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu, 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı"nını təsdiq olunması, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması, bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, sonradan isə ləğv edilməsi, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurasının yaradılması və bu kimi digər əhəmiyyətli addımlar Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın problemlərinin həlli ilə bağlı da çox ciddi addımlar atıldığını və müvafiq tədbirlər görüldüyünü xatırladan baş redaktor deyib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı ciddi əsaslara malikdir. Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan mətbuatında söz və fikir azadlığının təmin olunmasının konstitusion əsasları var. "Siyasi iradə də ölkə mətbuatının azadlığını müdafiə edir. Hesab edirəm ki, ölkəmizdə çətin elə bir adam tapılsın ki, öz fikrini, sözünü azad ifadə edə bilmədiyini söyləsin. Belə bir şəraitdə düşünürəm ki, doğrudan da Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olub. Vəzifə mövqeyindən asılı olmayaraq, hamı istənilən məsələ haqqında müxtəlif qəzetlərdə fikirlərini sərbəst şəkildə ifadə edir", - deyə Hikmət Babaoğlu vurğulayıb.

Bir sıra islamofob, imperialist mərkəzlərin təlimatları ilə fəaliyyət göstərən, təzyiq qrupları kimi çıxış edən beynəlxalq təşkilatların Azərbaycanda mövcud olan söz və mətbuat azalığı, ölkə mediasının inkişafı ilə bağlı bəzən həqiqətdən uzaq, qərəzli fikirlər, bəyanatlar səsləndirdiyini xatırladan H.Babaoğlu əlavə edib ki, bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. "Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan mediası qlobal informasiya məkanında nə baş verdiyini - hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə xidmət etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə Azərbaycan cəmiyyətinə "tərcümə edir". Ona görə də imperializmə xidmət edən "yumşaq güc" vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər. Onların açdığı atəş "bumeranq" effekti ilə özlərinə dönür. Çünki atəşin kim tərəfindən nə məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir",-deyə millət vəkili vurğulayıb.

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev: "Azərbaycan dövləti mətbuatın inkişafı sahəsində çox böyük işlərə imza atıb"

- 3 May beynəlxalq aləmdə "Ümumdünya mətbuat azadlığı günü" kimi qeyd olunur. Azərbaycan mətbuatı da dünya mətbuatının bir parças olaraq bu günə öz töhfəsini verir. Etiraf edək ki, Azərbaycan söz azadlığı, fikir prüalizmi sahəsində ötən illər ərzində kifayət qədər uğurlar əldə edibdir. Təkcə bir faktı qeyd edim ki, ölkəmizdə 30 -a yaxın gündəlik olmaqla, ümumilikdə isə 200-- ə qədər qəzet, 100-ə yaxın elektron KİV-lər sərbəst şəkildə fəaliyyət göstərirlər. Onu da bildirim ki, Azərbaycanda insan hüquqları və söz azadlığının qorunmasını təmin edən mükəmməl hüquqi baza formalaşıbdır. Ölkəmiz bütün insan hüquqları və söz azadlığını təmin edən beynəlxalq konvensiyalara, eləcə də sazişlərə qoşulmuş bir ölkədir və Azərbaycan o nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda da Avropa Şurasının tamhüquqlu üzvü kimi beynəlxalq arenada əhəmiyyətli mövqeyini qoruyub-saxlamaqdadır. Bu amil həm də onu göstərir ki, Azərbaycan öz tarixi ənənələrinə və dəyərlərinə sadiqlik nümayiş etdirərək, bir Şərq ölkəsi kimi Avropaya da uğurla inteqrasiya edibdir. Məhz belə bir mühüm amilləri nəzərə alarkən, tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti ölkəmizdə söz və mətbuat azadlığının qarantıdır. Mətbuat isə vətəndaş cəmiyyətinin demokratik şəraitdə formalaşmasına böyük təsirini göstərir. Ona görə də hesab edirəm ki, Azərbaycan dövlətinin mətbuat və söz azadlığı istiqamətində gördüyü bu işlər demokratik cəmiyyət quruculuğunda təkanverici stimuldur.

Bir faktı da qeyd edim ki, Azərbaycanda internet azadlığı da əsas verir ki, bu sahədə fəaliyyət göstərən resurslar tam sərbəst şəkildə çalışsınlar. Təbii ki, dövlət də hər zaman mətbuatın yanındadır, çünki dəfələrlə dövlətimizin başçısı mətbuatın dostu olduğunu bəyan edib, o cümlədən, mətbuat da Onun dostu kimi davranır. Hesab edirəm ki, bu iki tandem, bu iki birlik və dostluq ümumilikdə cəmiyyətimizin ictimai-siyasi institutlarının da inkişafına öz töhfələrini verəcəkdir.

YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Azərbaycan söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır"

"3 may bütün dünyada Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Bu günün tarixinə nəzər salsaq görərik ki, 1991-ci il mayın 3-də Namibiyada "Vindhuk Bəyannaməsi" qəbul edilib. Bununla da BMT Baş Məclisi 1993-cü il may ayının 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul edib. Təbii ki, bu günün əhəmiyyəti kifayət qədər böyükdür. Çünki söz və mətbuat azadlığı demokratiyanın, insan hüquq və azadlıqlarının əsas prinsinlərindən biridir və müasir dünyanı bu dəyərlərsiz təsəvvür etmək qeyri-mümkündür." Bu fikirləri Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm işlər görülüb: "Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Ulu Öndərin diqqət və qayğısı sayəsində bu sahədə mükəmməl qanunvericilik bazası formalaşdırıldı, jurnalistlərin azad, sərbəst fəaliyyəti üçün lazım olan bütün addımlar atıldı. Bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında liderdir. Ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır."

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, son 14 ilin mühüm hadisələri sırasında möhtərəm Prezidentimiz İlham Əliyevin 2005-ci ildə "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlarını xüsusilə qeyd etmək lazımdır: "Azərbaycan milli mətbuatının 135 və 140 illik yubileyləri möhtərəm Prezidentimizin biri-birindən əhəmiyyətli sərəncamları ilə yadda qalıb. Belə ki, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, onlarla jurnalistin fəxri adlar və "Tərəqqi" medalı ilə təltif edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binalarının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyyə vəsaitinin ayrılması media ictimaiyyətinin rəğbətlə qarşıladığı mühüm hadisələrdəndir. Hesab edirəm ki, Azərbaycan söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır".

"Baki Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Azərbaycan mətbuatı öz funksiyasını layiqincə yerinə yetirir"

"Bu bayram gününə Azərbaycan mediası dünyanın bütün media ailəsinin içərisində özünün orijinal xüsusiyyətləri və əldə elədiyi nəticələrlə gəlib. Bu gün bizim mediamıza dövlətin və ictimaiyyətin dəstəyi var". Bunu SİA-ya açıqlamasında 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününün Azərbaycanda qeyd olunması məsələsinə münasibət bildirərkən "Baki Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib. Onun sözlərinə görə, mediamız ölkənin qarşısında duran vəzifələrin həyata keçirilməsində güclü bir qurum kimi fəaliyyət göstərir və öz funksiyasını layiqincə yerinə yetirir: "Mediamız tolerantlıq, multikulturalizm dəyərlərinin böyük təbliğatçılarından biridir. Mediamız dövlətçilik vəzifələrinin yerinə yetirilməsində öz sosial məsuliyyətini yüksək dərəcədə anlayır. Bizim mediamız dünyada ictimai fikrə az da olsa, təsir göstərmək imkanlarına artıq sahiblənməkdədir. Azərbaycanın özünün media inkişaf modeli var. Bu model bir tərəfdən medianın inkişafı ictimaiyyətin dəstəyinə, digər tərəfdən isə dövlətin dəstəyinə əsaslanır. Həm dövlətin, həm də ictimaiyyətin dəstəyi medianın gücünü artıran faktordur. Jurnalistlərin sosial problemlərinin həllinə Azərbaycan dövlətinin dəstəyi var".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Bu gün Azərbaycan media nümayəndələri həm maddi, həm də mənəvi tərəfdən dövlətin qayğısını öz üzərlərində hiss edirlər"

- Əlbəttə ki, söz və mətbuat azadlığı bütövlükdə insan hüquq və azadlıqlarının kompleks tərkib hissəsidir. Azərbaycanda buna Konstitusiya səviyyəsində təminat verilib və bu istiqamətdə həyata keçirilən bütün tədbirlər ölkəmizdə söz və mətbuat azadlığının qorunduğunu sübuta yetirir. Halbuki, bu gün dünyanın bir çox ölkələrində insan hüquq və azadlıqları kifayət qədər ciddi təsirlər qarşısındadır və Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində yürüdülən siyasətlər nəticəsində insanlar ən adi hüquqlardan belə məhrum ediliblər, burada ayrı-ayrı peşə sahibləri ilə yanaşı, media nümayəndələri də var. Onlar çox ciddi təhdidlər qarşısında qalaraq fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyəti yaşayırlar. Bu aspektdən yanaşdıqda, Azərbaycan mətbuatının beynəlxalq söz və fikir azadlığı, mətbuat azadlığı gününü qeyd etməyə tam mənəvi haqqı var.

O cümlədən, bu gün Azərbaycan media nümayəndələri həm maddi, həm də mənəvi tərəfdən dövlətin qayğısını öz üzərlərində hiss edirlər. Jurnalistlərin sosial problemləri həll olunur, ayrı-ayrı layihələr elan edilməklə KİVDF tərəfindən dəstəklər göstərilir. Təbii ki, bütün bunların arxasında Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi davamlı diqqət və qayğısı dayanır. Bu baxımdan, mən də fürsətdən istifadə edərək, mətbuat sahəsində çalışan həmkarlarımı söz və mətbuat azadlığı günü münasibəti ilə bağlı təbrik edirəm.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə