Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. İdarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.
Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
İcra başçısı bildirib ki, Ümummilli lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır:"Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
Zamanın bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilmiş, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman ən düzgün mövqe tutmuş, zəruri qətiyyətlə hərəkət etmişdir. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qəbul etdiyi qərarlarda, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirmişdir".
Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Ağacan Abıyev, Rauf Əliyev, Aydın Hüseynov, Fərəc Quliyev, Kamran Nəbizadə, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Azər Badamov, Vahid Əhmədov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva və digər rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Televiziyasının Dilarə Əliyeva adına "Dan Ulduzu" ansamblının iştirakı ilə keçirilən konsertdə Emin Sabitoğlunun, Soltan Hacıbəyovun, Ramiz Mirişlinin, Elza İbrahimovanın əsərləri ifa edilib.
Tanınmış incəsənət nümayəndələrinin – Lalə Məmmədova, Zakir Əliyev, Sabir Piriyev və digərlərinin ifaları, xüsusilə Fəridə Hüseynovanın ifasında Sevil Əliyevanın "Xatirə" əsəri mərasimi daha rəngarəng edib.
Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB