Thomson Reuters agentliyi AMEA-da seminar keçirib

Thomson Reuters agentliyi AMEA-da seminar keçirib

Mayın 3-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsin təşkilatçılığı ilə "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən "Tibb və təbiət elmləri sahəsinin alimləri üçün "Web of Science"" mövzusunda elmi-metodiki seminar keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, seminarın məqsədi sözügedən sahənin alim və mütəxəssislərini beynəlxalq "Web of Science" Məlumat Platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin bazaya daxil olan beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etməkdir.

Seminarda Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, "Biopolymers and Cell" jurnalının redaksiya rəhbəri İrina Tixonkova "Web of Science" qlobal elmi bazasından effektiv istifadə qaydaları və bazanın əsas göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Mütəxəssis beynəlxalq səviyyədə tanınmış bu elmi bazanın təklif etdiyi xidmətlərdən, arxiv materialları, elmi jurnal, kitab və konfrans materiallarına onlayn çıxış imkanlarından danışıb. Tədbirdə elmi bazanın resurslarından istifadəyə dair statistik göstəricilər nümayiş olunub, bazanın xidmətlərindən səmərəli istifadə və bu sahədə yaranan probemlərin aradan qaldırılması yolları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə