Qaliblər mükafatlandırıldı FOTOLAR - SƏS TV

Qaliblər mükafatlandırıldı FOTOLAR - SƏS TV

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda tələbələr arasında keçirilən məqalə müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirib. SİA-nın xəbərinə görə, Milli Məclisin deputatları, dövlət qurumları və qeyri-hökumət təşkilatı nümayəndələri, tələbələr və digərləri iştirak ediblər.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə ilk çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında maarifləndirmə aparmaqdır. Komitə tərəfindən məktəblərdə görüşlərin keçirildiyini deyən H.Hüseynova bildirib ki, həmin görüşlərdə məktəblilərə qadın-dövlət siyasəti və digər istiqamətlər geniş izah olunur: "Qısa müddət ərzində müsabiqəyə 150 yazının təqdim edilməsi müsabiqəyə marağın əsas göstəricisidir".

Onun sözlərinə görə, qadın hüquqların müdafiəsi istiqamətində ölkəmiz güclü qanunvericiliyə malik olmaqla yanaşı beynəlxalq konvensiyalara qoşulub: "Ölkəmizdə qadın siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində aparılan uğurlu işlər qadın hüquqlarının müdafiəsinə mühüm töhfələr verib, qadınlara problemlərin həlli üçün geniş imkanlar açıb".

Komitə sədri əlavə edib ki, müsabiqədə iştirak etməyin özü bir mükafatdır: "Belə müsabiqələrin keçirilməsi vacibdir. Biz gənclərimizin bu siyasəti daha dərindən dərk etməsini istəyirik. Bu məqam gənclərin gələcək həyatına da müsbət təsir edəcək".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Ümumilli lider haqqında yazılan hər bir yazı Onun həyata keçirdiyi işlər istiqamətində bir addımdır: "Bu cür müsabiqələrin keçirilməsi çox vacibdir. Bu gün hər yerdə Ulu öndərin anadan olmasının 94-cü ildönümü qeyd olunur. Ulu öndərlə bağlı musiqilər, mahnılar bəstələnir, şeirlər yazılır amma onların heç biri Heydər Əliyevin mahiyyətini tam əks etdirə bilmir. Onun hər bir addımı bir kitabdır".
S.Novruzov söyləyib ki, Ulu öndər tutduğu vəzifədən asılı olmayaraq bütün fəaliyyətlərində Azərbaycana xidmət edib: "Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldikdə ölkəmiz sənaye sahəsində 14-cü yerdə idi. Lakin qısa müddət ərzində ölkəmiz ən ön pillələrə yüksəlib. O zaman Azərbaycan şair yazıçılarına fəxri adlar verilmirdi. Lakin Ulu öndər Azərbaycana gəldikdən sonra ziyalılara diqqət, qayğı göstərdi.
Bundan başqa Ulu Öndər digər sahələrin inkişafına da diqqət göstərib. Ümummilli lider Naxçıvanda ən böyük islahatlar həyata keçirib. Dövlət bayrağımız ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılıb. Milli ordumuzun yaradıcısı da məhz Ulu Öndər olub".
Azərbaycan ən çətin müstəqillik yolu keçən ölkə olduğunu deyən YAP icra katibin müavini qeyd edib ki, amma buna baxmayaraq Azərbaycan Ümummilli liderin həyata keçirdiyi düzgün siyasət nəticəsində digər ölkələrin 100 ilə keçdiyi inkişaf yolunu qısa müddətdə keçə bilib: "Ulu Öndər Azərbaycançılıq ideologiyasının banisidir. Bu baxımdan hələ də Ümmummilli Lider Heydər Əliyevin mahiyyəti tam açılmayıb. Biz dağın ətəyində durduğumuz üçün Onun əzəmətini o qədər də hiss etmirik".
Tədbirdə deputat Məlahət İbrahimqızı Ulu Öndərin Azərbaycan üçün önəmindən söz açaraq söyləyib ki, Ümummilli liderin Azərbaycana bəxş etdiyi ən böyük hədiyyə məhz ölkəmizin müstəqilliydir: "Bu gün Azərbaycan prezidenti İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirir. Bu gün dövlət başçımız dünya liderləri arasında özünəməxsus yerə malikdir. Təbii ki, bunun arxasında Heydər Əliyev diplomatiyası dayanır".
M.ibrahimqızı əlavə edib ki, dövlət komitəsi tərəfindən keçirilən müsabiqə gənclərimizin Ulu Öndər İrsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin davamında çıxış edən natiqlər Ümmummilli Liderin qadın siyasətinə verdiyi önəmindən söz açıblar.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə