AZƏRTAC-ın və İSTAD-ın birgə konfransı Xocalı soyqırımını yenidən Türkiyə gündəminə gətirib
AZƏRTAC-ın Türkiyə nümayəndəliyi və İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na dair konfrans keçirilib.
İSTAD-ın qərargahında təşkilatın katibi Tuna Güvənçin aparıcılığı ilə keçirilən konfransda tədqiqatçı-yazıçı Mətin Yıldırım və AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının məruzələri dinlənilib.

Məruzəçilər "erməni məsələsi"nin siyasi gündəmə gətirilməsinin məqsədi, qondarma "erməni soyqırımı" iddialarının əsassızlığı, erməni terror təşkilatlarının törətdikləri ağır cinayətlər, onların yaranması və inkişafına təkan verən amillər və s. barədə ətraflı məlumat veriblər.
Sonra səkkiz yaşında olarkən erməni cəlladları tərəfindən atasının gözü qarşısında yandırılan Xocalı sakini Xəzəngül Əmirova yaşadığı müsibətin dəhşətlərindən danışıb.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu qondarma "erməni soyqırımı" iddialarının 102-ci ildönümü ərəfəsində bu konfransın təşkilinin məqsədindən danışıb. Diqqətə çatdırıb ki, ermənilərin əsassız iddialarını dəstəkləyənlər Xocalı soyqırımının dəhşətləri qarşısında susurlar.
TürkBirDev Vəqfinin sədr müavini Hüseyn Ali Yücel çıxışında ermənilərin törətdikləri cinayətlərin, əsassız iddialarının qarşısının alınması və gələcəkdə belə faciələrin yaşanmaması üçün türk dünyasının birlik və həmrəyliyinin vacibliyindən bəhs edib.
Çıxışlarda qeyd olunub ki, qondarma "erməni soyqırımı" məsələsində əsl gerçək Xocalı soyqırımına dair faktlar və sübutlardır. Heç kim unutmamalıdır ki, düşmən hər zaman yeni-yeni soyqırımıları törətməyə fürsət axtarır. Bunun qarşısını almaq üçün tarixin müxtəlif dövrlərində ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətləri dərindən öyrənmək, əhalini, xüsusən gəncləri, eləcə də dünya ictimaiyyətini bu barədə geniş məlumatlandırmaqdır.
Sonra erməni vəhşiliyinin acı nəticələrini əks etdirən film nümayiş olunub. Filmdə XIX əsrin sonlarından başlayaraq ermənilərin törətdikləri cinayətlərdən, o cümlədən Azərbaycan torpaqlarının 20 faizinin işğal olması, bir milyondan çox azərbaycanlının ata–baba yurdundan qaçqın düşməsi, Xocalı soyqırımı və digər cinayətlərdən ətraflı söhbət açılıb.
Türkiyənin Anadolu Agentliyinin konfransdan yaydığı informasiya əsasında qardaş ölkə KİV-ləri Xocalı soyqırımını yenidən gündəmə gətiriblər.
Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB