Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri Parisdə olub

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri Parisdə olub

Avropa Komissiyasının TAIEX aləti çərçivəsində Paris şəhərində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsi mövzusunda tədbir keçirilib. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi vəzifəsini icra edən Heydər Məmmədov, həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyev və Baş İdarənin böyük prokuroru Mövlud Mirzəliyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində nümayəndə heyəti Fransa Respublikasının Milli Antikorrupsiya Agentliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Maliyyə və İqtisadiyyat Nazirliyi və Dövlət Sektorunda Şəffaflıq üzrə Ali Qurumunun nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair Fransa Respublikasının qanunvericiliyi, bu sahədə mövcud olan beynəlxalq standartların tətbiqi, məlumat verən şəxslərin müdafiə metodları, habelə dövlət qulluqçularının fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Fransa Respublikasının rəsmilərinə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti və korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair qəbul edilmiş milli qanunvericilik və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə