Qaxda məktəblilər arasında intellektual oyun keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə
Qaxda məktəblilər arasında intellektual oyun keçirilib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəblilər arasında intellektual oyun üzrə rayon birinciliyi keçirib. Yarışa rayonun tam orta məktəblərinin 16 komandası qatılıb.

Tədbirdə YAP Qax rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyev, gənclər birliyinin sədri Elbrus Tağıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi üçün göstərdiyi xidmətlərdən, gənclərin sevimlisi Prezident İlham Əliyev tərəfindən respublikamızda uğurla həyata keçirilən dövlət-gənclər siyasətindən danışmış və qeyd etmişlər ki, intellektual oyunu keçirməkdə məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, həm də gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaqdır.

Sonra püşkatma nəticəsində komandalar qruplara bölünmüş, əsasnaməyə uyğun olaraq, müxtəlif raundlar üzrə intellektual yarışa start verilmişdir. Müxtəlif mövzularda səslənən sualları komanda üzvləri cavablandırmağa çalışmış, öz intellektlərini sınağa çəkmişlər. Qruplarda qalib gəlmiş komandalar finalda qarşılaşmışlar.

Yekunda ümumi nəticələrə əsasən, şəhər 1 saylı tam orta məktəbin komandası I yerə, Cəlayir kənd tam orta məktəbin komandası II yerə, şəhər 4 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Hər üç komandanın üzvləri YAP Qax rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Birinci yeri əldə etmiş komanda yarışın kubokunu başı üzərinə qaldırmışdır.

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə