Azərbaycanda İslam dəyərlərinin inkişafında Heydər Əliyevin rolu

Xəyalə Akif qızı Məmmədova, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri
Azərbaycanda İslam dəyərlərinin inkişafında Heydər Əliyevin rolu

Heydər Əliyev XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə məktəbidir. Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən Heydər Əliyev qısa zaman keşiyində Azərbaycanın gələcək inkişafının strategiyasını müəyyen etdi ve onun həyata keçirilməsinin taktiki yollarını istiqamətləndirdi. Böyük müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə sirlerini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı meydana çıxan problemlerin çevik ve diplomatik həll etmək məharəti, böyük dövləti və xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi olan Heydər Əliyevin zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri irsi Azərbaycan xalqı üçün, gənc nəsil üçün bir örnək və nümunəvi həyat məktəbidir.

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti - Heydər Əliyevi siyasi səhnəyə gətirmişdir. Dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.

Həyat göstərdi ki, Heydər Əliyev həmin keyfiyyətlərə malik olan nadir şəxsiyyətdir. Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir. Hətta inkişaf etmiş ölkələrlə müqayisədə belə, bu gün ölkəmiz böyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələri üzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir.Bu danılmaz bir faktdır ki, bütün bunlar Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında reallaşdırılır.Dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Xüsusilə orta əsrlərdə müxtəlif dinlər və məzhəblər arasındakı gərgin münasibətlər yüz minlərcə insanın öz həyatlarını itirməsi ilə nəticələnmişdir. Müasir dövrdə belə dünyanın bir çox yerində müxtəlif konfessialar arasındakı gərgin münasibətlərin şahidi oluruq. Din-dövlət əlaqələri xüsusilə də İslam şərqində çox problemli məsələlərdən biridir. Lakin sevindirici bir haldır ki, məhz Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət- din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulmuşdur. Azərbaycanda din-dövlət əlaqələri dünyəvilik prinsipi ilə tənzimlənmişdir.Lakin qeyd edə bilərik ki, ölkəmiz bu baxımdan unikal bir xarakterə malikdir. Heydər Əliyev Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu dönə-dönə vurğulayır və bu yolda əməli işlər görürdü.Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18,48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".1999-cu ildə Bakıda keçirilən "Qafqazda İslam sivilizasiyası" adlı beynəlxalq simpoziumdakı çıxışı zamanı bu sahədə əməli bir təklif də vermiş, Azərbaycanın Qafqazda İslam sivilizasiyası sahəsindəki araşdırmaların mərkəzi ola biləcəyəni və bununla əlaqəli bir mərkəzin ölkəmizdə açıla biləcəyini vurğulamışdı. Heydər Əliyev İslamı bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edirdi. "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir" sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. Ulu Öndər dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin xüsusilə gənçlərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü. Bu mühüm sahədə görülən bütün işlər qanunvericilik aktlarına əsaslanır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə yaradılmışdır.Heydər Əliyev 1996-cı il fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I forumundakı çıxışında demişdir: "Ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur...".

ATƏT-in 2002-ci ildə Bakıda keçirilən konfransında isə qeyd etmişdir ki, "yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır..."Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir.Çünki burada bir tərəfdən milli substansiyanın özünüdərk təcrübəsi, digər tərəfdən isə bu substansiyanın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Heydər Əliyev İslam dəyərlərinin insanlara olduğu kimi çatdırılmasında din xadimlərinin böyük rola malik olduğunu düşünürdü. Ulu Öndərin arzusunda olduğu din xadimi dinimizi dərindən bilməklə yanaşı müasir dünyanın nəaliyyətlərindən xəbərdar olan və ölkənin qarşısında duran problemlərin həllində öz töhfəsini verə bilən nümunəvi bir şəxs idi.

Heydər Əliyev:"Mən əminməm ki, dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu ağır günündə xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordumuzun möhkəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan daha fəal iştirak edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə bir daha İslam dinin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sübut edəcəklər".

Nəticə etibarilə, onu deyə bilərik ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarmışdır. Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə