Alpaqut Federasiyası gənclərdə vətənpərvərlik ruhunun təbliği istiqamətində regional tədbirlərini davam etdirir. Bu dəfə Federasiya Oğuz, Qəbələ, Şəki və Mingəçevir şəhərləri üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş zona seminarı keçirib. Seminarın keçirilməsinə dəstək Şəki şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi tərəfindən verilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi istiqamətində atdığı tarixi addımları barədə fikirlər səsləndirilib, dahi şəxsiyyətin gənclərin sağlam və vətənpərvər ruhda tərbiyə alması, öz ölkəsinə, Vətəninə layiqli övlad olması üçün əsası qoyulan gənclər siyasəti barədə əhəmiyyətli məqamlara toxunulub.
Seminarda çıxış edən Alpaqut Federasiyasının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Nuranə Şıxəliyeva vurğulayıb ki, bu gün həmin siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir: "Əbəs yerə deyil ki, ölkə rəhbəri İlham Əliyevin Respublikamızda idmanın inkişafı üçün atdığı davamlı müvafiq addımları öz uğurlu nəticələrini verməkdədir. Yeniyetmə və gənclərimizin sağlam, milli vətənpərvərlik ruhunda tərbiyə almaları Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nəticəsidir".
Departament rəhbəri eyni zamanda vurğulayıb ki, artıq bu sahədə əldə edilən uğurlar ölkə sərhədlərini aşaraq beynəlxalq aləmdə üçrəngli bayrağımızın qürurla dalğalanmasına səbəb olub: "Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri nailiyyətlər də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.
Həmçinin, qeyd olunanlarla yanaşı, Azərbaycan dünyanın idman arenasının mərkəzinə çevrilib. Keçirilən beynəlxalq tədbirlər, çempionatlar, dünya kubokları ölkəmizin inkişaf potensialının tərkib hissəsidir. Əbəs yerə deyil ki, artıq Azərbaycan növbəti böyük idman turniri – İslam Həmrəyliyi Oyunlarını - İslamiadanı keçirmək ərəfəsindədir.
Onu da qeyd etmək istərdim ki, Azərbaycanda keçirilən və öz möhtəşəmliyi ilə tarixdə iz buraxan Birinci Avropa Oyunları da sübut etdi ki, ölkəmiz daha böyük idman hadisələrini qəbul etmək gücündədir. Söz yox ki, biz burada Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, I Vitse-Prezident Mehriban Əliyevanın gördüyü nəhəng işlərə də diqqət yetirməliyik. Belə ki, Mehriban xanım Əliyeva həmçinin Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olaraq, ölkəmizdə idmanın vüsət alması və tərəqqisində böyük xidmətlər göstərir. Ümumiyyətlə, Avropa Oyunlarının, həmçinin İslamiadanın Təşkilat Komitəsinə rəhbərlik etməsi ilə Mehriban xanım Azərbaycanın beynəlxalq aləmdəki yerini və rolunu ən ali məqamlarda tərənnüm edir".
Nuranə Şıxəliyeva çıxışı əsnasında vurğulayıb ki, Alpaqut Federasiyası da ölkə idmanında əldə edilən uğurlardan bəhrələnir və müsbət enerji alır. Belə ki, Federasiya rəhbərliyi gənclərə sağlam həyat tərzini aşılamaq üçün müxtəlif bölgələrdə təlim-məşq zalları açaraq istifadəyə verir: "Artıq, bütün bunların uğurlu nəticələri də görünür. Bölgələrimizdə Alpaqut idman növü ilə məşğul olanların sayı artır. Bu il 30 bölgəmizdən 270 idmançı 3-cü Respublika çempionatında iştirak etdi. Əlbəttə, biz bunlarla kifayətlənmir və daha böyük nəticələr əldə etmək üçün yalnız irəliyə doğru addımlayırıq".
Departament rəhbəri daha bir xatırlatma da edərək bildirib ki, Alpaqut Federasiyası artıq növbəti böyük turnir keçirmək ərəfəsindədir: "Azərbaycan xalqının Ümummilli Lideri, Böyük Türk Dünyasının Dahi Şəxsiyyəti Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş və may ayının 7-sinə planlaşdırılan turnirə hazırlığımız davam edir. İnanırıq ki, biz bu cür möhtəşəm turnir və yarışlarımızla ölkə idmanının inkişafında öz uğurlu töhfələrimizi verməkdə davam edəcəyik".
Qeyd edək ki, seminara Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, eləcə də bölgə rəhbərlərinə idmanın, eyni zamanda Alpaqut Turan döyüş sənətinin inkişafında göstərdikləri xidmətlərinə görə Alpaqut Federasiyasının təşəkkürnamələri təqdim olunub.
Onu da xatırladaq ki, Şəki şəhərindəki zona müşavirəsindən öncə, Ağcabədi və Laçın rayonlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş zona seminarları keçirilib.
Seminarlarda 50-yə yaxın Alpaqut idman növünün təmsilçiləri iştirak edib. Eyni zamanda, seminarlarda baş təlimatçılığı Azərbaycan Alpaqut Federasiyasının baş katibi, Yarğan Rafiq Qasımov, assistentliyi ilə Puri Eləvər uğurla həyata keçiriblər.
O cümlədən, regional seminarların davam etdirilməsi qərara alınıb. Növbəti seminar mayın 14-də Ucar rayonunda yerləşən Alpaqut kəndində keçiriləcək.
.jpg)
.jpg)

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB