“Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir” FOTOLAR

“Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir” FOTOLAR

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə "Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir" filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Kəşfiyyat qrup komandiri, baş leytenant, döyüş tapşırığını həyata keçirərkən düşmən minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musəvi, olimpiya mükafatçısı Rasul Çunayev, döyüşlərdə şəhid olmuş Urfan Vəlizadənin, Tural Dadaşovun, Natiq Tahirlinin, Zakir Cəfərovun ailə üzvləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət himni səslənib və şəhid olmuş hərbçilərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra "Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir" filmi nümayiş etdirilib.

Filmdə 2016-cı ilin aprel ayında baş vermiş qısamüddətli müharibə zamanı ordumuzun nümayiş etdirdiyi rəşadət, həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nizami rayon sakinləri haqqında ətraflı məlumat verilib, onların şücaəti haqqında kadrlar nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 2016-cı il aprel ayının 1-5 tarixlərində baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi: "Aprel döyüşlərində Nizami rayonu da şəhidlər verdi. Bu gün də həmin şəhidlərimiz haqqında söylənilən fikirlər, onların göstərdikləri şücaət dillərdən düşmür. Nə qədər çətin olsa da, xatırlatmalıyıq ki, Nizami rayonu torpaqlarımızın bütövlüyü uğrunda çoxsaylı şəhidlər verib. Bu gün Bəhruz Nuriyev, Yuri Kovalyov, Namiq Həmzəyev, Məzahir Rüstəmov və digər şəhidlərimiz hər zaman böyük ehtiramla yad edilir, onların xatirəsi əziz tutulur. Bəlkə də elə bundan irəli gəlir ki, qəhrəmanlıq daim yaşayır və şəhidlərimizin şücaəti Azərbaycanımız uğrunda təkrar edilir. Təsadüfi deyil ki, Azərbaycanın bütün bölgələri kimi qəhrəmanlıq beşiyi olan Nizami rayonunun igid oğulları bu gün də həmin şücaəti göstərirlər, təkrar edirlər. Elə sözügedən aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Urfan Vəlizadə və Tural Dadaşov kimi. Onların yolunu davam etdirən, 2016-cı ilin may ayında şəhid olan Natiq Tahirli və bu ilin mart ayında şəhid olan Zakir Cəfərov kimi. Məhz, onların şəhidliyi sayəsində bu gün düşmən sıxışdırılıb və təslim olmaq mərhələsinə çatdırılıb. Ona görə də, bizim hər bizimizin mənəvi borcudur ki, şəhdilərimizin xatirəsini yad edək, onlar haqqında eşitdiklərimizi, bildiklərimizi gənc nəslə çatdıraq. Çünki, onlar Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanlarındandır".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında bildirib ki, 4000 illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı da bu gün müstəqil dövlət sahibidir, müstəqil və azad yaşayır. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla və şaxələndirilmiş şəkildə həyata keçirilən inkişaf strategiyası sayəsində yerləşdiyi regionun ən güclü ölkəsinə çevrilib. Hazırda ölkəmiz dünyada mövcud olan dövlətlər arasında iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdədir. Valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çoxdur. Dünya miqyasında isə çox az ölkə tapılar ki, bu göstəricisi belə səviyyədə olsun. Bütün bunlar isə ona görə reallıqdır ki, Azərbaycan xalqı torpağı, müstəqilliyi, suverenliyi uğrunda qanından və canından keçən və buna hər an hazır olan dünyadakı az saylı xalqlar sırasında yer alıb: "Azərbaycan ordusu bütün hallarda düşmənə isbatlayıb ki, istənilən an Ali Baş Komandanın əmrilə torpaqları işğaldan azad etməyə qadirdir. Məhz, həmin niyyətin göstəricisi olan 2016-cı ilin aprel ayının 1-5 tarixlərində baş vermiş döyüşlərdə ermənilər və onların havadarları bir daha anladılar ki, Azərbaycan xalqı o xalqlardandır ki, torpaqları, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid verməyə hazırdır".

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, bu gün Ermənistanın kriminal rəhbərliyi qorxu içərisindədir. Aprel döyüşləri Ermənistanın bu günə qədər yaratdığı mifi darmadağın etdi. Yenilməz Ermənistan ordusu haqqında deyilənlərin sadəcə sabun köpüyü olduğu isbatlandı. Məhz, Urfan kimi, Tural kimi, Natiq kimi, Zakir kimi şəhidlərimizin, Kamil Musəvi kimi canlı qəhrəmanlarımızın cəsarətinin nəticəsidir ki, bu gün ermənilər məğlub olduqlarını etiraf etmək məcburiyyətində qalırlar.

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən zabitimiz Kamil Musəvi çıxış edərək gənclərə müraciət edib və deyib ki, müharibə bitməyib, hələ də davam edir: "Müharibə o zaman başa çatacaq ki, işğal edilmiş torpaqlarımız tamamilə düşmənlərdən azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq. Ona görə də, vəzifəmizdən, dinimizdən, irqimizdən, etnik mənsubiyyətimizdən asılı olmayaraq, hər birimiz Vətənimizi müdafiə etməyə, onu qorumağa, lazım gəldikdə isə canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq. Çünki, torpaq uğrunda ölən varsa, o zaman Vətən olur. Bu gün biz 1992-ci ildə olduğu kimi tək və dəstəksiz deyilik. Ən əsası möhkəm siyasi iradəsi olan Ali Baş Komandanımız və bütün hərbi vəzifələri yerinə yetirmək qabiliyyətində olan ordumuz var".

Çıxışlardan sonra şücaətinə və cəsarətinə görə Kamil Musəvi YAP Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin xüsusi təşəkkürnaməsi ilə təltif edilib.

Sonda "Ümid sənədir ancaq Azərbaycan əsgəri" şeiri səsləndirilib.

Tədbirin sonunda şəhid ailələri ilə görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə