Nazir Heydər Əsədov Türkiyədə Biznes Forumda çıxış edib

Nazir Heydər Əsədov Türkiyədə Biznes Forumda çıxış edib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə tədbirə qatılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən nazir Heydər Əsədov bildirib ki, son illər Azərbaycanın dövlət başçısının respublikada qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində iqtisadiyyatın prioritet sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixrac yönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə səbəb olub.

Nazir Heydər Əsədov Azərbaycanın bir sıra Afrika ölkələri ilə sıx diplomatik əlaqələrinin mövcud olduğunu və Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini qeyd edərək kənd təsərrüfatının inkişaf etdirilməsində, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyədə qurulmasını əsas şərtlərdən biri kimi qiymətləndirib.

Nazir Heydər Əsədov diqqətə çatdırıb ki, 2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib, 251 min dollar həcmində isə bu ölkələrə məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digər Afrika ölkələr yer alır

Nazir Heydər Əsədov ölkədə əlverişli investisiya mühütinin formalaşdığını, aqrobiznes sektorunun böyük potensiala malik olduğunu, investorların hüquqlarının milli qanunvericiliklə tam müdafiə olunduğunu və ən əsası ölkədə hökm sürən sabitliyi diqqətə çatdıraraq, bu sahədə maraqlı olan iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırımı etməyə dəvət edib.

Qeyd edək ki, tədbirdə "Qida təhlükəsizliyinin təmin edilməsində kəndin birgə inkişafı", eləcə də özəl sektorun nümayəndələri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirələr aparılacaq, həmçinin aqrar sahənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, o cümlədən Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədi ilə fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə