Detoksu necə və nə zaman etməliyik? MÜTƏXƏSSİS RƏYİ

"Detoks" son zamanların ən populyar ifadəsidir. Bəziləri saxladığımız pəhrizin daha uğurlu olması, zəziləri bədənizimin şişlərdən azad edilməsi, bəziləri isə orqanizmimizin yeni fəslə hazırlamaq üçün detoksdan istifadə etməyi məsləhət görür. Lakin ən pisi bir çoxlarımız ında "dəb"ə nə düşürsə, ondan istifadə etməyə can atmağımızdır. Amma detoksu əslində nə zaman və necə etməliyik?

"Detoks orqanizmin toksinlərdən təmizlənməsi deməkdir"

Bu haqda SİA-ya açıqlama verən dietoloq Tutu Zeynalova bildirib ki, detoks orqanizmin toksinlərdən təmizlənməsi deməkdir: "Biz istəsək də, istəməsək də orqanizmimizdə toksinlər ( orqanizm üçün zərərli maddələr ) toplanır. Bu toksinlər istifadə etdiyimiz qidalardan başlayaraq kosmetik vasitələrə kimi hər şeydə bizi təqib edir. Son zamanlar hər kəsin şikayət etdiyi xroniki yorğunluq, cansız saçlar, solğun dərinin səbəbi də məhz bu toksinlərdir belə olan halda, hər bir orqanizmin vaxtaşırı "reset" düyməsinin basılmasına ehtiyacı var".

"Detoksdan öncə check-up müayinədən keçməlisiniz"

Mütəxəssisin sözlərinə görə, orqanizmin, ruhumuzun, dərimizin detoks olunması vacibdir: "Lakin bunun üçün öncə bir check-up müayinədən keçib hər hansı bir sağlamlıq probleminizin olub-olmadığını müəyyən etmək zəruridir. Çox təəssüf ki, son zamanlar hər kəs əlində bir şüşə su , içində limon, xiyar "detoksdayam" deyir. Sonra da o suyun üstündən qızardılmış xörək, ya da şirniyyatla çay içir. Detoks bir tək su içməkdən ibarət deyil. Orqanizmdə hər tərəfli iməcilik etmək lazımdır".

"Bədənin təmizlənməsi prosesi 3-5 gün davam edə bilər"

T. Zeynalova qeyd edib ki, detoks 3-5 gün, maksimum 1 həftə davam edə bilər: "Detoks günlərində ancaq 1 qidadan istifadə etmək olmaz. Mono qidalanma orqanizm üçün təhlükəlidir və vitamin mineral depolarına zərər verir. Həmin günlər orqanizmə zərər verən bütün faktorlardan uzaq durmaq lazımdır. İlk öncə siqaret və spirtli içkiləri, enerji içkiləri, meyvə şirələri və qazlı şirin içkiləri həyatınızdan çıxarmağınız vacibdir. Daha sonda qəhvə və qara çayın istifadəsi tövsiyyə olunmur. Həmin günlər bol su içilməlidir. Çünki, su dünyada tapa biləcəyiniz ən gözəl içkidir. Bundan əlavə bitki çayları istifadə etmək də məqsədəuyğundur. Suyunuzu dadlandırmaq üçün və immun sisteminizi də gücləndirmək üçün suya limon, xiyar, nanə yarpaqları, portağal və s. əlavə edə bilərsiz".

"Bu günlərdə bəzi qidalar rasiondan çıxarılmalıdır"

Dietoloq qeyd edib ki, detoks günlərində bəzi qidaların rasiondan çıxarılması vacibdir: "Təbii ki, orqanizmdə təmizlikdən söhbət gedirsə bəyaz unu, fast – foodları, qızardılmış və yağlı yeməkləri rasiondan çıxartmaq vacibdir. Bundan əlavə duzun istifadəsini də minimuma endirmək lazımdır. Daha çox tərəvəzlərə, bol göyərtiyə, dənli bitkilərə üstünlük vermək tövsiyyə olunur. Yeməklərin bişirilmə qaydası da vacibdir. Çiy yeyilə bilənlərini çiy, digərlərini soyutma şəklində istifadə etmək məsləhət görülür. Bundan başqa həmin müddət ərzində stressdən uzaq durmağa məsləhət görülür. Ağır idman növlərindən uzaq durmaq, hər gün təmiz havada gəzmək, dincəlmək və yuxu saatı da önəmlidir. Detoks günlərində masaj və kontrast duş da faydalı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə