"Bütün ictimai və iş yerlərində tütünçəkmə qadağan olunmalıdır" Nazirlik

"Bütün ictimai və iş yerlərində tütünçəkmə qadağan olunmalıdır" Nazirlik

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində "tütünçəkmə üçün qapalı yerlər" anlayışı Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Qarşı Mübarizə haqqında" Çərçivə Konvensiyanın tələbləri ilə ziddiyət təşkil edir". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri müavini Tofiq Musayev Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, nə qədər qəribə səslənsə də, ətrafa yayılan tütün tüstüsü tək siqaret çəkməyənlərə deyil, eyni zamanda siqaret çəkənlər üçün əlavə təhlükə yeridir: "Qapalı yerlərdə aktiv siqaret çəkənlər eyni zamanda tütün tüstüsü ilə nəfəs alaraq, passiv siqaret çəkənlər hesab edilirlər".

T.Musayev deyib ki, Konvensiyaya əsasən, siqaret çəkmə üçün xüsusi yerlər ayrılmadan binaların daxilindəki bütün ictimai və iş yerlərində tütünçəkmə qadağan olunmalıdır: "Bəzi ölkələrdə hətta siqaret çəkmə üçün yerlər olduqda belə həmin yerlər bütün ərazilərdən tam kənarda yerləşdirilir, onlar ümumi istifadədə olan keçidlə birləşdirilmir və ya tam təcrid olunur. Buna görə də bilmək vacibdir ki, qapalı yerlərdə siqaret çəkənlər həm aktiv, həm də passiv siqaret çəkən olur. Buna görə də tütün tüstüsünün 2 qat zərərli təsirinə məruz qalır. Həmin yerlər isə daim ətrafdakılar üçün təhlükə mənbəyi hesab edilir və tütünçəkməni təbliğ edir".

Şöbə müdirinin müavini vurğulayıb ki, qanun layihəsi bir çox yerlərdə ictimai yerlərdə tütünçəkməni qadağan etsə də, istisnalıq təşkil edən yerlər var və tütünçəkmə üçün qapalı yerlərin ayrılmasını təklif edir: "Lakin bütün müəssisələrdə, ictimai iaşə obyektlərində, mehmanxanalarda, dəmiryolu qatarlarında qapalı yerlərin yaradılması həmin yerlərdə çalışan işçilərin, eləcə də oraya gələn insanların sağlamlığlna ziyan vura bilər".

T.Musayev bildirib ki, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və binalarda qapalı yerlərin yaradılması nəinki konvensiyaya, idman və sağlamlıqla bağlı istənilən anlayışa ziddir: "Bu, ən əsası Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında milli idmanın müsbət imicinə, bu sahədə reallaşdırılan təşəbbüslərə xələl vura bilər. Qanunun əvvəlki varinatında idman yarışları və kütləvi tədbirlərin keçirildiyi yerlərdə tütünçəkmə tam qadağan edilmişdi".

Qurum rəsmisi əlavə edib ki, Azərbaycanda qutuların üzərində yalnız ümumi bir xəbərdarlıq yazılır və o da ümumi sahənin 30 faizini təşkil edir: "Hesab edirəm ki, bununla bağlı məsələ qanun layihəsində öz əksini tapa bilər. Əslində, tütün məmumatlarının vitrinlərdə verilməsi onu daha əlçatan edir. Ticarət yerlərində tütün məmulatlarının satışını stimullaşdıran heç bir əlamət olmadan satılan malların siyahısı və qiymətləri təqdim edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə