"Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan"

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə konfrans keçirilib
"Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan"

Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirin davamı olaraq Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Mərkəzdə "Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan" mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edəndən sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzüb, kitab sərgisinə baxıblar.

Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirilib. Konfrans iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə baxdıqdan sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov konfransı açaraq qeyd edib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Dünya şöhrətli alim, bacarıqlı həkim, gözəl insan Zərifə xanım Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub: "Təsadüfi deyildir ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyət də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir".

Konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli qeyd edib ki, akademik Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimdir. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev Qəlbinur Zərifə xanım Əliyevanın cismən aramızda olmasa da, hər birimizin onu sonsuz hörmət və məhəbbətlə xatırladığını diqqətə çatdırıb. Qeyd edib ki, o, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə olmuşdur.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya məktəbinə dəyərli töhfələr verdiyini, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərdiyini diqqətə çəkib. O. vurğulayıb ki, Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nur, xasiyyətindəki təmkin və nəciblikdə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

Məruzə ətrafında Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dossenti Solmaz Əliyeva, Milli Məclisin deputatı Ağacan Abiyev çıxış ediblər.

Konfransın işini yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana Cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır:"Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər verir, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini tariximizə, mədəniyyətimizə, incəsənətimizə cəlb edir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi və may ayının 12-də ölkəmizdə start götürəcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcəkdir".

Tədbirin sonunda da Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyliyə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə